Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Türkiyənin iqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - ƏLAVƏ OLUNUB

    Dövlət başçısı Türkiyə və Azərbaycanın bir-birinə hər zaman dəstək vermələrini təbii hal kimi dəyərləndirib

    Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin Bakıda keçiriləcək görüşünün önəmini qeyd edib. Dövlət başçısı Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin Azərbaycana səfərinin həm Şuranın iclasında iştirakı, həm də ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb.

    Nazir Nihat Zeybekci Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.

    İki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinə toxunan nazir Nihat Zeybekci 15 iyul hadisələri zamanı Azərbaycanın Türkiyəyə ən böyük dəstək verən ölkə olduğunu deyib.

    Azərbaycan ilə Türkiyənin ən yaxın qardaş ölkələr olduğunu vurğulayan dövlət başçısı ölkələrimizin bir-birinə hər zaman dəstək vermələrini təbii hal kimi dəyərləndirib.

    Görüşdə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarının əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığımızın inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi