Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Qətərin təhsil və ali təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

    Nazir Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində böyük nailiyyətlər əldə edildiyini vurğulayıb

    *** saat 10:15

    Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

    Dövlət başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev bu yaxınlarda Qətər Dövlətinin xarici işlər nazirini qəbul etməsinin, özünün Qətərə planlaşdırılmış səfərinin və Qətər Dövlətinin təhsil və ali təhsil nazirinin Bakıya gəlməsinin əhəmiyyətini qeyd edərək, qarşılıqlı səfərlərin iki ölkə arasında mövcud tərəfdaşlıq əlaqələrinin yaxşı göstəricisi olduğunu vurğulayıb. Təhsilin gələcək nəsillər, eyni zamanda, ölkələrimizin inkişafında vacib rol oynadığını deyən Prezident İlham Əliyev bu sahənin həm Azərbaycanda, həm də Qətərdə inkişafın əsas prioritetlərindən biri hesab olunduğunu deyib. Təhsil sahəsində tərəfdaşlığın praktiki aspektlərinin araşdırılmasının vacibliyindən danışan dövlət başçısı bunun nəticəsində uzunmüddətli əməkdaşlıq proqramının qurulacağına əminliyini ifadə edbi. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan-Qətər Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının yaradılmasının qərara alındığını deyən Prezident İlham Əliyev bu komissiyanın işi çərçivəsində nəinki iqtisadi, həmçinin əməkdaşlığımızın bütün sahələrini əhatə edəcək müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.

    Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi Prezident İlham Əliyevin Qətərə səfərini səbirsizliklə gözlədiklərini bildirib. Ölkələrimizin müvafiq qurumları arasında artıq görüşlər təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd edən qonaq Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında təhsil sahəsində möhkəm əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirib. Hər iki ölkənin yüksək inkişaf yolunda olduğunu deyən Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ölkəsində Qətər Dövlətinin Əmirinin rəhbərliyi ilə nəhəng layihələrin həyata keçirildiyini qeyd etdi, eyni zamanda, Azərbaycanın çox gözəl ölkə olduğunu və Prezident İlham Əliyevin səyləri nəticəsində böyük nailiyyətlər əldə edildiyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi