Yuxarı

​Prezident İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul edib

Dövlət başçısı əlaqələrin siyasi, iqtisadi, energetika, humanitar sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib. “Report”un xəbərinə görə, Mixeil Canelidze Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və baş nazir Giorgi Kvirikaşvilinin salamlarını dövlət başçısına çatdırdı. Azərbaycana ilk rəsmi səfərindən məmnunluğunu bildirən Mixeil Canelidze iki ölkənin müvafiq qurumları tərəfindən birgə işlərin və həyata keçirilən bütün layihələrin fəal şəkildə davam etdirildiyini söyləyib.

İki ölkənin xarici işlər nazirlərinin əlaqələrinin mütəmadi xarakter daşıdığını deyən Prezident İlham Əliyev Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında əməkdaşlığın önəmini qeyd edib. Azərbaycan ilə Gürcüstan arasında bir sıra məsələlərin uğurla həll edildiyini və ölkələrimizin bir-birinə daha da yaxınlaşdığını bildirən dövlət başçısı özünün Gürcüstana ötənilki uğurlu rəsmi səfərini xatırlayıb.

Əməkdaşlığın fəal şəkildə davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev əlaqələrin siyasi, iqtisadi, energetika, humanitar sahələrdə və eləcə də çoxtərəfli formatda daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Dövlət başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Azərbaycana səfərinin iki ölkə arasında cari il üçün birgə tədbirlərin proqramının nəzərdən keçirilməsi baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstan dövlətinin başçısına və baş nazirinə çatdırmağı xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi