Yuxarı

Prezident İlham Əliyev Çinin Şaansi vilayətinin qubernatoru ilə görüşüb

Azərbaycan Çin ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyir

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da Çinin Şaansi vilayətinin qubernatoru Lou Çincyan ilə görüşüb.

"Report" xəbər verir ki, Lou Çincyan Prezident İlham Əliyevin Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından şad olduğunu bildirib. “Siz görkəmli rəhbərsiniz”, - deyən qubernator Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın yaxşı inkişaf etdiyini vurğuladı. Rəhbərlik etdiyi vilayət ilə Azərbaycan arasında müəyyən oxşarlıqların olduğunu bildirən Lou Çincyan qədim İpək Yolu üzərində yerləşən Şaansi vilayətinin tarixi haqqında danışıb. O, burada sənayenin müxtəlif sahələrinin inkişaf etdiyini, telekommunikasiya sahəsinin müasirləşdirilməsi ilə bağlı bir çox tədbirlərin görüldüyünü diqqətə çatdırıb. “Biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq”, - deyən qubernator bildirib ki, Prezident İlham Əliyevin Siana səfəri Azərbaycan ilə Şaansi vilayəti arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək, energetika və humanitar sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.

Prezident İlham Əliyev Çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından məmnun qaldığını, bunun bir çox səbəblərinin olduğunu deyib. Dövlət başçısı bildirib ki, Şaansinin qədim tarixi, güclü iqtisadiyyatı və sənayesi var. Terrakota Muzeyinin onda böyük təəssürat yaratdığını deyən Prezident İlham Əliyev bunu Çin xalqının qədim tarixə və mədəniyyətə malik olmasının göstəricisi kimi dəyərləndirib. Bu səfərin iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına, eyni zamanda, Şaansi vilayətinin məhsulları ilə Azərbaycanın daha yaxından tanış olmasına imkan yaradacağını deyən Prezident İlham Əliyev Azərbaycanın Çin ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyində olduğunu bildirib. Dövlət başçısı deyib ki, Azərbaycanda son illərdə sürətli iqtisadi artım müşahidə olunur və ölkə uğurla inkişaf edir: "Bu da ölkələrimiz arasında fəal qarşılıqlı əməkdaşlığın həyata keçirilməsinə kömək edir".

Görüşdən sonra Şaansi vilayətinin qubernatoru Lou Çincyan adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə qəbul verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi