Yuxarı

​Prezident İlham Əliyev: “Çexiya bizim üçün strateji tərəfdaşdır”

Azərbaycan Respublikasının Prezidenti adından ölkədə rəsmi səfərdə olan Çex Respublikasının Prezidenti Miloş Zemanın şərəfinə rəsmi ziyafət verilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkədə rəsmi səfərdə olan Çex Respublikasının Prezidenti Miloş Zemanın şərəfinə rəsmi ziyafət verilib.

"Report" xəbər verir ki, Çex Respublikasının Prezidenti Miloş Zemanı bir daha Azərbaycanda salamlayan Prezident İlham Əliyev bu səfərin ölkələrimiz arasında münasibətlərin yaxşı göstəricisi olduğunu bildirib. İndiyə qədər müxtəlif yerlərdə bir neçə dəfə səmərəli görüşlər keçirdiklərini deyən dövlət başçısı bunun da ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı zəmin yaratdığını diqqətə çatdırıb. “Çexiya bizim üçün strateji tərəfdaşdır”, deyən Prezident İlham Əliyev qeyd edib ki, həm Çexiya, həm də Azərbaycan ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlığın daha da gücləndirilməsi üçün əlindən gələni edir.

Səfər zamanı əməkdaşlığa dair yeni layihələrlə bağlı müzakirələrin aparıldığını deyən dövlət başçısı onların reallaşacağı təqdirdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artacağını diqqətə çatdırıb. Prezident İlham Əliyev investisiya, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə toxunaraq qarşılıqlı səfərlərin, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin buna daha da təkan verəcəyini bildirib. Dövlət başçısı səfər çərçivəsində strateji tərəfdaşlığa dair imzalanan birgə Bəyannamənin əhəmiyyətindən danışıb, onun ikitərəfli münasibətləri daha da möhkəmləndirəcəyini bildirib.

Çex Respublikasının Prezidenti Miloş Zeman Prezident İlham Əliyevlə görüşündən məmnun qaldığını deyib. O, Azərbaycan dövlətinin başçısı ilə hər bir görüşünün qarşılıqlı anlaşma şəraitində keçdiyini vurğulayıb. Çex Respublikasının Prezidenti Azərbaycana ilk dəfə səfər etdiyini və bu səfərin uğurla keçdiyini diqqətə çatdırıb. O, Azərbaycanda müdrikliklə idarə olunan güclü dövlətin bərqərar olmasını, sabitliyin və inkişafın hökm sürməsini yüksək qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi