"Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik".
"Report"un xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində əksini tapıb.
"Bu gün burada təmsil olunan insanların bəziləri müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalır. Daxildə bu cür narahatedici və təhlükəli meylilərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edir. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur", - dövlət başçısı qeyd edib.