"Beləliklə, düşünürəm ki, bu, bizim fəal əməkdaşlıq edə biləcəyimiz sahələrdir. Şadam ki, Avropa İttifaqı regional məsələlərdə öz iştirakını nümayiş etdirir və sizin səfəriniz bunun aydın göstəricisidir. Biz Cənubi Qafqazda sülh, barışıq, inkişaf və əməkdaşlıq işinə xidmət edən istənilən iştirakı qiymətləndiririk".
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.
"Müharibədən əvvəlki vəziyyətə gəlincə, mən sadəcə olaraq bir daha öz mövqeyimizi ifadə etmək istəyirəm. Azərbaycan hər zaman Ermənistanla münaqişənin sülh yolu ilə həllinə sadiq olub və bizim 28 il ərzində Minsk qrupu yaradılandan etibarən danışıqlar prosesində olmağımız faktının özü bunun aşkar göstəricisidir. Biz məsələni sülh yolu həll etmək istəyirdik və danışıqlar prosesinin müxtəlif dövrlərində ümidlərimiz var idi", - dövlət başçısı bildirib.