Azərbaycan və Rusiya dövlət başçılarının görüşü müsbət nəticələr verəcək, ən əsası Bakı ilə Moskvanın güclü müttəfiq olduğunu bütün dünyaya göstərəcək.
Bunu “Report”un Rusiya bürosuna açıqlamasında politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinə mübnasibət bildirərkən deyib.
“İndi Azərbaycan-Rusiya münasibətlərində əlverişli dövr müşahidə olunur. Tərəflər bu əlaqələri hərtərəfli inkişaf etdirməyə hazırdırlar. Bu görüşlər Rusiya və Azərbaycan liderlərinə bir çox aktual problemləri həll etməyə kömək edəcək. Bunlar təkcə ikitərəfli münasibətlərlə bağlı məsələlər deyil, həm də Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləridir. Biz Ermənistanın indi Qərblə əməkdaşlıq etmək üçün hansı addımlar atdığını görürük və bu, hər kəsi narahat edir”, - o bildirib.
D.Qrevtsova vurğulayıb ki, Rusiya vasitəçi olmaq və Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması və normallaşması prosesində mümkün qədər iştirak etmək istəyir: “Rusiya sülh sazişinin mümkün qədər tez imzalanmasını istəyir, çünki Cənubi Qafqazda sabitlik Kremlin maraqlarına uyğundur”.