Yuxarı

Paraqvay parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul edib

Bəyanatda Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğu bir daha təsdiq edilir

Bakı. 22 sentyabr. REPORT.AZ Paraqvay Milli Konqresinin Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə bağlı bəyanat qəbul edib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilib ki, Paraqvayın Milli Konqresinin Deputatlar Palatasının plenar iclasında qəbul edilən bəyanatda Dağlıq Qarabağın Azərbaycan Respublikasının bir hissəsi olduğu bir daha təsdiq edilir, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edildiyi, Ermənistan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən hərbi əməliyyatların minlərlə insanın qətli, əsir və itkin düşməsi, məcburi köçkünə çevrilməsi ilə nəticələndiyi bildirilir.

Bəyanatda Paraqvay Deputatlar Palatası Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətini təsdiq edir, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri və BMT Baş Məclisinin müvafiq sənədlərinə uyğun həllinə çağırır.

Paraqvay Deputatlar Palatası bu bəyanatla münaqişənin qurbanına çevrilmiş insanların ağrısını bölüşdüyünü qeyd edərək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunduğu kimi sülh şəraitində birgəyaşayış, insan hüquqlarına hörmət və dialoqun vacibliyini bildirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi