Azərbaycan Respublikasının Pakistandakı səfirliyi tərəfindən bu ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Milli Elm və Texnologiya Universitetində (NUST) Heydər Əliyev Auditoriyası yaradılıb.
Səfirlikdən "Report"a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Beynəlxalq Parlamentarilər Konqresinin baş katibi Sitarə Ayaz, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan Xarici İşlər Nazirliyinin rəsmiləri, bu ölkənin ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, NUST-nin rəhbərliyi və tələbələr, eləcə də KİV və beyin mərkəzlərinin təmsilçiləri iştirak ediblər.
İştirakçılar ilk olaraq auditoriyanın girişində Ulu Öndərin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, habelə Pakistan İslam Respublikasına rəsmi səfərini əks etdirən Heydər Əliyev guşəsi ilə tanış olublar.
Tədbirin rəsmi hissəsində Azərbaycan və Pakistan himnlərinin səsləndirilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərindən, xidməti fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Heydər Əliyev Auditoriyasında keçirilən tədbirdə çıxış edərək Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci və ikinci dövründən danışıb və Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və inkişafı naminə gördüyü əvəzolunmaz işlər barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb.
Çıxışı əsnasında Azərbaycan-Pakistan münasibətlərinə toxunan səfir iki qardaş ölkə arasındakı əlaqələrin inkişafının təməlinin məhz Ümummilli Lider tərəfindən qoyulduğunu vurğulayıb.
Heydər Əliyevin Pakistana böyük əhəmiyyət verdiyini bildirən səfir Ulu Öndərin 1996-cı ildə Pakistana rəsmi səfərini xatırladıb və bu səfərin Azərbaycan-Pakistan əlaqələrinin inkişafında xüsusi rol oynadığını diqqətə çatdırıb.
Tədbirdə NUST-nin prorektoru Rizvan Riaz çıxış edərək Azərbaycan-Pakistan səmimi münasibətlərindən söz açıb, bu universitetin artıq ADA və AzTU kimi Azərbaycan universitetləri ilə müvafiq memorandumlar imzalayaraq əməkdaşlıq etdiyini vurğulayıb. Prorektor Heydər Əliyev Auditoriyasında iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcək çoxsaylı tədbirlərin keçiriləcəyini nəzərə çatdırıb.