“Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri sabit təchizat zəncirinin və möhkəm nəqliyyat infrastrukturunun inkişafı, daha dəqiq desək, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının daha da genişləndirilməsi ilə nəqliyyat və logistikadır. Bu sahənin iki ölkə arasında iqtisadi-ticari əlaqələri əhəmiyyətli dərəcədə genişləndirməsi gözlənilir".
Bunu “Report”a açıqlamasında özbəkistanlı ekspert Oleq Qolişnikov deyib.
Onun sözlərinə görə, Özbəkistanın xarici siyasəti ideoloji və ya doqmatik xüsusiyyətlərdən azaddır.
O.Qolişnikov bildirib ki, son bir neçə ildir Özbəkistan fəal xarici siyasət yürüdür və iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi bu siyasətin əvəzsiz tərkib hissəsidir.
Ekspertin fikrincə, Özbəkistanın xarici siyasəti praqmatik maraqlara əsaslanır: “Buna görə də rəsmi Daşkənd beynəlxalq arenada və xüsusən də Mərkəzi Asiyada əsas diqqəti iqtisadi faydaya yönəldərək praqmatik əməkdaşlığı gücləndirir. Eyni hal Özbəkistanın bir çox ölkə və beynəlxalq təşkilatla, o cümlədən Özbəkistan və Azərbaycanın digər türk dövlətləri ilə birlikdə tamhüquqlu üzv olduğu Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığına da aiddir. Fikrimcə, konseptual baxımdan Daşkənd bu gün təkcə Özbəkistanın öz rolunu yox, həm də “Şərq-Qərb” və “Şimal-Cənub” kimi dəhlizlər də daxil olmaqla beynəlxalq daşımalar üçün tranzit mərkəzi kimi bütün Mərkəzi Asiyanın rolunu artırmağa çalışan “nəqliyyat plüralizmi”ni təbliğ edir. Bu fonda Daşkənd üçün müxtəlif istiqamətlərdə nəqliyyat və logistika zəncirlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Belə ki, Özbəkistan şimal (ənənəvi) istiqamətin inkişafı ilə yanaşı, şərqdə (Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu layihəsi), cənubda (Özbəkistan-Əfqanıstan-Pakistan dəmir yolu layihəsi), qərb və cənub-qərb istiqamətlərində (Özbəkistan-Türkmənistan-İran dəhlizi və Transxəzər beynəlxalq nəqliyyat marşrutu) əsas layihələrin təşviqinə xüsusi diqqət yetirir”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərinə də münasibət bildirən ekspert vurğulayıb ki, budəfəki səfər məhz iki ölkə, eləcə də Özbəkistan və Azərbaycan xalqları arasında artan çoxşaxəli əlaqələrə və dostluğa diqqət çəkir:
“Hər iki ölkə ticarət və iqtisadiyyat, nəqliyyat və logistika, siyasi əlaqələr və təhlükəsizlik, mədəniyyət və insanlar arasında əlaqə kimi müxtəlif sahələrdə əməkdaşlıq edir. Şübhə etmirəm ki, bu əməkdaşlıq uzunmüddətli perspektivdə inkişaf edəcək, çünki həm Daşkənd, həm də Bakı aydın başa düşürlər ki, Özbəkistan və Azərbaycan üçün fayda verəcək qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün hələ də böyük potensial var”.