Fransa öz öhdəliklərinə riayət və hörmət etmir. Bu dövlət konstitusiyada dəyişikliklər etməyə çalışır ki, gələn il baş tutacaq seçkilərə təsir edə bilsin və Yeni Kaledoniyada minlərlə insan Fransanın xeyrinə səs versin.
“Report” xəbər verir ki, bunu Yeni Kaledoniya senatının İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin aprelin 18-də Azərbaycan parlamentində keçirilən mətbuat konfransında deyib.
“Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması üçün dəstək göstərməliydi, ancaq bu gün Fransa çalışır ki, konstitusiyada dəyişiklik edərək azlıqların təsirini azaltsın. Onların seçki qanunvericiliyinə müdaxiləsi xalqımızın xeyrinə deyil, stabillik və demokratiyaya mənfi təsir göstərə bilər”, - o vurğulayıb.
Omayra Naiselin qeyd edib ki, referenduma üçüncü baxış düzgün keçirilməyib: “Bizim kimi müstəqil hərəkatlar referenduma qarşı etiraz aksiyaları başlatdılar. Beynəlxalq Ədalət Məhkəməsinə bu referendumla bağlı müraciət etmişik. Çünki həmin referenduma üçüncü baxış düzgün aparılmayıb, halbuki o, xalqımız üçün vacib idi. Fransa qanunvericilikdə dəyişiklik etməklə kanak olmayan 30 min şəxsin səsvermədə iştirakına çalışır. Fikrimizcə, Fransa beynəlxalq öhdəliklərinə riayət etməli və tərəfsiz olmalıdır. Biz bunun üçün öz mübarizəmizi davam etdiririk. Azərbaycan hökumətinə, Qoşulmama Hərəkatına və Bakı Təşəbbüs Qrupuna kanak xalqına dəstək göstərdiklərinə görə təşəkkür edirik”.