Yuxarı

Novruz Məmmədov: "Gürcüstan, Moldova və Ukraynadakı separatçılarla Dağlıq Qarabağdakı separatçı quruma fərqli münasibət göstərilir"

Buradan hansı nəticə çıxır? Qərb ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar?

"Qərbin özünün səbəb olduğu və bilavasitə yaratdığı proseslər sonradan onun özünə qarşı çevrilir və ümumən beynəlxalq münasibətlər sistemi üçün ciddi təhlükə yaradır"

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Vəziyyətin kökündən dəyişdirilməsinin zəruriliyi inkar edilə bilməz. Yeganə çıxış yolu isə ədalət prinsipinin və beynəlxalq hüququn aliliyinin bərpa olunmasıdır".

"Report"un məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İstanbulda ingilis dilində nəşr olunan ''Caucasus International'' jurnalına müsahibəsində belə deyib. 

N.Məmmədov hesab edir ki, insanların qarşılıqlı fəaliyyətinin qiymətləndirilməsində istifadə oluna biləcək ən mühüm və vacib anlayış ədalət anlayışıdır: "Məhz bu prinsipi sadə vətəndaşdan tutmuş ən yüksək vəzifəli dövlət siyasətçisinə kimi bütün insanların davranışını müəyyənləşdirən əsas dəyər kimi nəzərdən keçirmək olar. Ədalət olmayan zaman insan fəaliyyətinin heç bir sahəsində müsbət nəticə gözləməyə dəyməz. Dünyanın hansısa bir nöqtəsində insanların kütləvi qırğınına və ya münaqişələr nəticəsində öz evlərini tərk etmələrinə müəyyən maraqlar fonunda göz yumulması səbəbindən belə hadisələrin daha geniş xarakter alması ədalətsizliyin beynəlxalq münasibətlər sistemində hansı fəsadlar törətdiyinin bariz nümunəsidir".

Prezidenti Administrasiyası rəhbərinin müavini qeyd edib ki, bu gün beynəlxalq münasibətlər sisteminin ən böyük problemi ədalətin olmaması ilə bağlıdır: "Bu səbəbdən də bu sistem daxilində uzun illər ərzində formalaşmış, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərin fəaliyyətinin çərçivəsini müəyyən edən beynəlxalq hüquq birmənalı şəkildə iflasa uğramaqdadır. Beynəlxalq hüququn prinsip və normalarına artıq riayət edilmir. Məhz Qərbin iradəsi əsasında formalaşmış bu mexanizmdə dövlətlərin hansı davranışlarının leqal, hansınınsa qeyri-leqal olduğunu müəyyənləşdirmək olduqca çətinləşib. Daha doğrusu, bu davranışlara beynəlxalq hüququn mövcud prinsipləri əsasında qiymət vermək mümkündür, lakin bu qiymətin müəyyən dövlətlərin maraqlarından asılı hala düşməsi vəziyyəti qəlizləşdirir. Beləliklə də, beynəlxalq hüquq proseslərə tətbiq olunmur. Beynəlxalq hüquq böyük dövlətlərin maraqlarına xidmət alətinə çevrilir.

Belə bir vəziyyətdə beynəlxalq hüququn tətbiqinin qarantiyası rolunu oynamalı olan beynəlxalq təşkilatlar böhran keçirirlər. Bu böhranın da əsas səbəbi həmin təşkilatların böyük dövlətlərin maraqlarından asılı vəziyyətə düşməsidir. Bu maraqlar beynəlxalq hüququn eyni proseslərə fərqli yanaşma əsasında tətbiq edilməsini şərtləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, bəzən BMT Təhlükəsizlik Şurasında hansısa bir ölkə ilə bağlı qətnamə hələ qəbul edilməmiş bu ölkəyə müdaxilə edilir. Hansısa digər ölkələrə münasibətdə qəbul olunmuş qətnamələr isə onillərlə arxivlərdə qalır və bununla bağlı heç bir əməli iş görülmür".

N.Məmmədov deyib ki, bu cür yanaşma özünü ən bariz şəkildə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə göstərir: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri qəbul olunub. Xüsusən, BMT qətnamələrində erməni qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz dərhal çıxarılması tələb olunur. Bütün bu sənədlərdə beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin qəti mövqe ortaya qoyulmadığı üçün heç bir qətnamənin tələbləri yerinə yetirilmir.

Buradan hansı nəticə çıxır? Əfqanıstan, İraq və Liviya kimi ölkələrə dərhal müdaxilə edən Qərb ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar? Bəlkə elə buna görədir ki, Gürcüstan, Moldova və Ukraynadakı separatçı qurumlara bir münasibət, Dağlıq Qarabağdakı separatçı quruma isə fərqli münasibət göstərilir?

Şübhəsiz ki, ikili standartların bu şəkildə tətbiqi ədalət prinsipinə və beynəlxalq hüquqa kölgə salır. Qərbin özünün səbəb olduğu və bilavasitə yaratdığı proseslər sonradan onun özünə qarşı çevrilir və ümumən beynəlxalq münasibətlər sistemi üçün ciddi təhlükə yaradır. Bu, artıq bir çox dövlət tərəfindən etiraf olunur.

Vəziyyətin kökündən dəyişdirilməsinin zəruriliyi inkar edilə bilməz. Yeganə çıxış yolu isə ədalət prinsipinin və beynəlxalq hüququn aliliyinin bərpa olunmasıdır. Böyük dövlətlər istər ikitərəfli münasibətlərində, istərsə də beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətlərində öz maraqları üçün yox, beynəlxalq hüququn norma və prinsiplərini tətbiq etmək üçün çalışmalıdırlar. Xüsusən, BMT kimi universal təşkilat çərçivəsində bunun zəruriliyi özünü açıq şəkildə göstərir. Nümunə kimi deyə bilərəm ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olduğu dövr ərzində yalnız beynəlxalq hüququ və ədaləti müdafiə edib, konkret məsələlərlə bağlı prinsipial mövqe nümayiş etdirib, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürüb. Hesab edirəm ki, yalnız belə mövqe beynəlxalq münasibətlər sistemində mövcud olan zərərli tendensiyaları aradan qaldıra bilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi