Yuxarı

Prezident Administrasiyası rəhbərinin müavini: "Biz indiki vəziyyətdən çıxış yolunu tapmalıyıq"

“Mən dünya dövlətlərindən ədalətli qərar gözləyirəm”

Bakı. 11 mart. REPORT.AZ/ “Mən dünya dövlətlərindən ədalətli qərar gözləyirəm”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov IV Qlobal Bakı Forumunun “Miqrasiya, multikulturalizm və inteqrasiya” adlı panelində çıxışı zamanı bildirib. 

N.Məmmədov qeyd edib ki, əgər münaqişələrdən danışılırsa, ən vacib problem Qarabağ məsələsidir: “Biz indiki vəziyyətdən çıxış yolunu tapmalıyıq. Ötən əsrin 90-cı illərində SSRİ və Varşava müqaviləsi dağılandan sonra dünyada yeni mərhələ başladı. Nə qədər çətin olsa da, səyləri ortaya qoymaqla uğurlu nəticələr əldə edə bilərik. Azərbaycan 25 il ərzində sabitlik və təhlükəsizliyin bərqərar olduğu bir dövlət ola bilib. Mən çox təəssüf edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzu Foruma daxil edilməyib. Biz münaqişələrdən danışırıqsa, bizim üçün ən vacib problem Qarabağ məsələsidir. Müxtəlif mədəniyyətlər arasındakı qlobal görüşlər çoxqütblü dünyanın məhsulu deyil. Bu, Qərb yüksəlişinin tənəzzülü, eyni zamanda cəmiyyətlər arasında qlobal səviyyənin yüksəlişi kimi qəbul olunur”.

Qeyd edək ki, İtaliya prezidentinin diplomatik məsələlər üzrə müşaviri Antonio Zanardi Landinin moderatoru olduğu panel iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta, “Exxon Mobile” şirkətinin sabiq baş vitse-prezidenti Jean Baderşnayder, Ekvadorun sabiq prezidenti Rosalia Arteaqa Serranno, Almaniyanın sabiq baş naziri Lothar de Maiziere, Albaniyanın sabiq prezidenti Rexhep Meidani iştirak edib.

Panel iclasında multikulturalizm və inteqrasiya məsələsinə geniş yer verilib və multikulturalizmin qarşısında duran maneələr müzakirə olunub. Qeyd olunub ki, dünya əhalisinin 44 milyonu miqrant hesab olunur: “Bu, çox böyük rəqəmdir. Miqrantların sayının çoxluğu isə dinlər və mədəniyyətlərlə bağlı çoxlu çətinliklər ortaya çıxarıb. Qeyri-qanuni miqrasiya problemini həll etmək üçün tədbirlər görülməlidir. Avropada istifadə olunan yanaşma effektiv deyil və buna görə də yeni yanaşmaya keçmək lazımdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi