Novruz bayramı Meksikada qeyd olunub

Novruz bayramı Meksikada qeyd olunub Mexiko şəhərinin mərkəzində yerləşən, şəhər sakinləri və çoxsaylı turistlər arasında populyar olan Linkoln parkında ölkəmizin Meksikadakı səfirliyinin təşkilatçılığı və Mexiko Şəhəri Hökuməti Miqel Hidalqo Bələdiyyəsinin, habelə “Gənc diplomatlar” assosia
Xarici siyasət
20 Mart , 2022 11:05
Novruz bayramı Meksikada qeyd olunub

Mexiko şəhərinin mərkəzində yerləşən, şəhər sakinləri və çoxsaylı turistlər arasında populyar olan Linkoln parkında ölkəmizin Meksikadakı səfirliyinin təşkilatçılığı və Mexiko Şəhəri Hökuməti Miqel Hidalqo Bələdiyyəsinin, habelə “Gənc diplomatlar” assosiasiyasının dəstəyi ilə Novruz bayramı təntənəli şəkildə qeyd olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə paytaxt sakini, turistlər, diplomatik korpusun nümayəndələri, o cümlədən bir sıra ölkənin Meksikadakı fövqəladə və səlahiyyətli səfirləri, yerli KİV nümayəndələri və Meksikada yaşayan həmvətənlərimiz iştirak edib.

Tədbirin açılışında Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Novruz haqqında ətraflı məlumat verib, bu bayramın ölkəmizdə xüsusi təntənə ilə qarşılandığını diqqətə çatdırıb.

Müxtəlif mədəniyyət nümayəndələrinin Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşaması ilə tanındığını vurğulayıb.

Səfir Novruz bayramının UNESCO-nun Qeyri-Maddi-Mədəni İrs Siyahısına daxil edildiyini və BMT Baş Assambleyası tərəfindən martın 21-nin “Beynəlxalq Novruz Günü” elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bu il Azərbaycanla Meksika arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu qeyd edən diplomat, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın mühüm yer tutduğunu, bu xüsusda bu kimi tədbirlərin hər iki xalqın bir-birinin zəngin mədəniyyəti, tarix və ənənələri ilə tanış olmasına imkan yaratdığını qeyd edib.

Tədbir iştirakçılarına həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında məlumat verilib, Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyi ilə əlaqədar ölkə rəhbərinin Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa ili” elan edildiyi diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən Mexiko Şəhəri Hökuməti Miqel Hidalqo Bələdiyyəsinin nümayəndəsi Omar Lopestədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqını yazın gəlişini təcəssüm etdirən Novruz bayramı münasibətilə təbrik edib və Meksikada Azərbaycan mədəniyyətini təqdim edən bu kimi tədbirlərin artıq gözəl ənənəyə çevrildiyinin sevindirici hal olduğunu qeyd edib. Azərbaycan mədəniyyəti ilə tanış olmaq üçün bu imkana görə təşəkkür edib, bu kimi tədbirlərin gələcəkdə də keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Gün ərzində parka gələn çoxsaylı qonaqlar Novruz bayramı ilə bağlı ölkəmizdəki adət və ənənələrlə tanış olub, onlara ölkəmizin tarixi, milli mətbəxi və mədəniyyəti barədə məlumat verilib.

Tədbirdə, həmçinin ölkəmizin əsrarəngiz təbiəti və Azərbaycan memarlığı barədə şəkillərdən ibarət sərgi nümayiş etdirilib, materiallar paylanılıb, Azərbaycan milli musiqisi səsləndirilib.

“İpək Yolu” yerli rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri nümayiş etdirilib, tədbirin qonaqları həmrəylik, dostluq və bərabərlik rəmzi olan milli “Yallı” rəqsimizi birlikdə oynayıblar. Həmçinin, qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.

Meksika paytaxt sakinləri tədbirə böyük maraq göstərib. Uşaqlar tərəfindən sevilən Novruz bayramının “Yumurta döyüşdürmə” ənənəsi Meksika uşaqları tərəfindən böyük sevinclə qarşılanıb.

Son xəbərlər

Orphus sistemi