Nihal Saad: Bir çox ölkələr süni intellektlə bağlı çağırışlara hələ hazır deyil
- 26 oktyabr, 2026
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Süni intellekt mədəniyyətlərarası dialoqun inkişafına həm töhfə verə, həm də ona mane ola bilər. Buna digər mədəniyyətlər və xalqlar haqqında dezinformasiyanın yayılması da daxildir.
"Report" xəbər verir ki, bu barədə BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bir çox ölkələr və hökumətlər hələ süni intellektin inkişafı ilə bağlı çağırışlara hazır deyillər, çünki texnoloji tərəqqi cəmiyyətin baş verən dəyişikliklərə uyğunlaşmaq imkanlarını qabaqlayır.
Öz növbəsində ICESCO-nun Sivilizasiya Dialoqu Mərkəzinin rəhbəri, səfir Xalid Fəthəl-Rəhman süni intellektin etik aspektlərinə dair vahid yanaşmanın işlənib hazırlanması üçün beynəlxalq səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb.
Mərkəzinin rəhbəri bildirib ki, müxtəlif təşkilatlar artıq süni intellektin etik istifadəsinə dair öz prinsiplərini və tövsiyələrini hazırlayırlar, lakin yaranan problemlərin həlli üçün razılaşdırılmış qlobal baxışın formalaşdırılması vacibdir.
Xalid Fəthəl-Rəhman həmçinin müasir texnologiyalara və resurslara çıxışı olanlarla bu imkandan məhrum olanlar arasındakı rəqəmsal bərabərsizliyə diqqət çəkərək, bu fərqlərin aradan qaldırılması üçün birgə səylərin zəruriliyini qeyd edib.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27-29-da Bakıda keçiriləcək.