Yuxarı

Nepalda olan azərbaycanlı: "Burdan getməyim mənəvi cəhətdən düzgün olmaz" - MÜSAHİBƏ

Burada böyük ərzaq qıtlığı var

"Burada böyük ərzaq qıtlığı var"

Bakı. 1 may. REPORT.AZ/ Hazırda Nepalda olan UNİCEF-in uşaqların müdafiəsi üzrə proqram rəhbəri, Azərbaycan Respublikasının vətəndaşı Munir Məmmədzadənin "Report"a müsahibəsi:

- Nepalda sonuncu güclü zəlzələnin ilk anlarını necə xatırlayırsınız?

- Zəlzələ baş verən zaman mən ailəmlə evdə olmuşam. Həftənin şənbə günü olduğundan, ailəmin bütün üzvləri ilə evdə idik. Mən yoldaşımla otaqda televizora baxırdım, beş yaşlı uşağımız isə digər otaqda idi. Təkanları hiss edən kimi, təbii ki, uşağın yanına qaçdıq, onu qorumağa çalışdıq. Ömrümüzdə ilk dəfədir ki, hiss etmədiyimiz bir şey oldu.

- Zəlzələ nəticəsində eviniz zədə alıbmı?

- Xeyr. Biz həyət evindəydik və BMT-nin əməkdaşı olduğumdan, evi kirayə etməzdən öncə zəlzələyə davamlılıqla əlaqədar yoxlamalar aparılıb. Mən bildiyimə görə, ev 8 ballıq zəlzələyə davamlıdır. Xırda çatlar var. Digər azərbaycanlılar əsasən çoxmərtəbəli binalarda yaşayırdı. Ən çox da onların mənzillərinə zərər yetirilib, bəziləri hətta yararsız vəziyyətə düşüb. Zəlzələdən sonra onlarla əlaqə saxladıq və yarım saatdan sonra bizim həyətdə yığışdılar. Təkanlar  tez-tez baş verirdi. Buna görə də 14 nəfər azərbaycanlı ilə həyətimizdə qaldıq.

- Həmvətənlilərimiz arasında xəsarət alan olubmu?

- Yox, təkcə mənim oğlumun başı zəlzələ zamanı divara dəydi, bir az qanamışdı, amma ciddi bir şey yox idi, ara sakitləşəndən sonra o, özünə gəldi.

- Şəhərdə vəziyyət necə idi? 

- Nepalın 75 rayonu var, onlardan 33 rayonu zərər görüb. Daha çox paytaxt Katmandu da daxil olmaqla 11 rayon ciddi zərər alıb. Katmanduda dağıntılar nisbətən daha çoxdur, bunu xəbərlərdən də görmək olur. Əgər zəlzələ zamanı ümumilikdə 6 min nəfərdən çox ölən varsa, onlardan min nəfəri təkcə Katmandu sakinləridir. Şəhərdə ölüləri görmək adi hal idi, amma nepallıların dini inanclarına görə, ölən insanları dərhal kremasiya edirlər. Bir tərəfdən bu yaxşıdır, çünki bu vəziyyətdə xəstəliklərin qarşısını almaq mümkündür. Amma təbii ki, dağıntılar altında tələf olan insanların sayı da çoxdur.

- Hazırda vəziyyət nə yerdədir? Ərzaq məhsulları, elektrik və su təchizatında problemlər yaşanırmı?

- Həyat yavaş-yavaş öz qaydasına düşür, amma nepallılar bu hadisəyə soyuqqanlı yanaşıblar, vəziyyətdən sui-istifadə edən olmayıb, hər kəs bir-birinə kömək etməyə çalışırdı. Mənim işim də elədir ki, 24 saat fəaliyyətdəyik. Əhali üçün çadırlar qurulub, humanitar yardım gəlir. Dünən də Azərbaycanın humanitar yardımı təhvil verilib, özüm də bu prosesdə iştirak edirdim, amma hava limanında, belə desək, xaotik, idarə olunmayan vəziyyətdir, çünki bir çox ölkələr yardım göndərir, işçilərin sayı azdır, əlaqələndirmə zəifdir, ona görə də mən özüm bu prosesə rəhbərlik edirdim: həm yüklərin boşalmasına, həm də Azərbaycan və Gürcüstan vətəndaşlarının təxliyə olunmasına.

O ki, qaldı elektrik və su təchizatına, bizdə dörd gün elektrik yox idi, təsəvvür edin 14 nəfər, o cümlədən 6 uşaqla bu, çox çətin idi. Lakin mənim evimdə günəş batareyaları olduğundan işıq təchizatı var. Su təchizatı ilə bağlı problem yoxdur, çünki digər azərbaycanlılarla birgə müəyyən su ehtiyatı yığmışıq. Hələlik qida, su ehtiyatları ilə problemimiz yoxdur, amma bunlar nə qədər çəkəcək bilinmir.

Ümumilikdə isə ölkədə qida məhsulları ilə bağlı çox böyük qıtlıq var. Nepalda ümumilikdə 1 milyon 700 mindən çox uşağın dərhal köməyə ehtiyacı var, milyonlarla insan zərər çəkib, onların çoxu çöldə qalıb, qida, su və elektrik təchizatları da yoxdur.

- Hazırda ölkədə təkrar təkanlar hiss olunurmu?

- Dünən iki təkan olub, onlarda ən güclüsü 4,2 bal gücündə, digərləri də xırda təkanlar idi. Amma onlara önəm vermirik. Ötən gecə isə daha bir - təxminən 6 bal gücündə güclü təkan oldu. İnşallah, daha güclü təkanlar olmaz.

- Siz Azərbaycana qayıtmaq barədə düşünürsünüzmü?

- Mən BMT-nin, yəni UNİCEF-in əməkdaşı olduğumdan burada qalmaq, yardım etmək vəzifəmdir. Əsas odur ki, Azərbaycan vətəndaşları təxliyə olunub, ailəm də burada yoxdur. Azərbaycan vətəndaşlarından yalnız mən qalmışam. Əgər vəziyyət daha da gərginləşsə, idarəolunmaz vəziyyət yaransa, onda biz BMT tərəfindən təxliyə olunacağıq. Amma yenə də bu mənim vəzifəmdir. Necə ki, UNİCEF Dağlıq Qarabağ münaqişəsi nəticəsində evsiz qalan həmvətənlərimizə kömək edirdisə, indi burda mən də UNİCEF-in əməkdaşı kimi yardım göstərirəm. Yəni mənim burdan getməyim nə mənəvi, nə də digər cəhətdən düzgün olmaz.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi