Yuxarı

Nazir müavini: "Aİ Ermənistan-Azərbaycan münaqişəsinin həllində zəif iştirak edir"

İşğal olunan ərazilərdə müxtəlif Avropa şirkətləri fəaliyyət göstərir, bu isə yolverilməzdir

Bakı. 25 fevral. REPORT.AZ/ Aİ Moldova, Gürcüstan və Ukraynadakı münaqişələrə tətbiq etdiyi yanaşmanı Dağlıq Qarabağ münaqişəsinin həllində də nümayiş etdirməlidir. "Report" xəbər verir ki,  bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev "ADA" Universitetində keçirilən və Litvanın Şərq Tərəfdaşlığındakı sədrliyinə həsr olunan dəyirmi masada bildirib. 

"Aİ Ermənistan-Azərbaycan münaqişəsinin həllində zəif iştirak edir. Heç bir səbəb olmadan ayrı-seçkilik edilir və Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı fərqli yanaşma tətbiq olunur, bu da Azərbaycanı çox narahat edir", - M.Məmmədquliyev qeyd edib. 

O vurğulayıb ki, Aİ Azərbaycana qarşı hörmət nümayiş etdirməli, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini nəzərə almalıdır. Nazir müavini bildirib ki, indiyə qədər Avropa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət qərar çıxarmayıb. 

"Əgər Avropa Ermənistan-Azərbaycan münaqişəsinin təhlili və ədalətli həllində maraqlı tərəf kimi çıxış etsəydi, biz bu gün Ukraynada baş verən münaqişənin şahidləri olmazdıq", - M.Məmmədquliyev deyib. 

O, Ukraynaya qarşı etdiyi hərəkətlərinə görə Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycan ərazilərini işğal edən Ermənistana qarşı tətbiq olunmadığını qeyd edib.

"İşğal olunan ərazilərdə müxtəlif Avropa şirkətləri fəaliyyət göstərir, bu yolverilməzdir. Avropa Ermənistana qarşı tədbir görməlidir, çünki Avropa komissiyası başqa ölkənin ərazisinin işğal olunması faktına göz yuma bilməz", - nazir müavini vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi