Yuxarı

Nazir Lixtenşteyn şirkətlərini Azərbaycanda fəal olmağa və layihələrdə iştiraka dəvət edib

Elmar Məmmədyarov Lixtenşteyn Baş nazirinin müavini Tomas Tsvayfelhofer ilə görüşüb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat, daxili işlər və ədliyyə naziri Tomas Tsvayfelhofer ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Tomas Tsvayfelhofer nazir Elmar Məmmədyarovun Lixtenşteyn Knyazlığına rəsmi səfərini Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisə kimi dəyərləndirib. O, ölkəsinin Azərbaycan ilə bütün sahələr üzrə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Görüş zamanı Elmar Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı son vəziyyətə dair məlumat verərək, münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyini ifadə edib.

Nazir iqtisadi əməkdaşlıq məsələlərinə də toxunaraq, bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb. E.Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda reallaşan Şərq-Qərb, Şimal-Cənub, Bakı-Tbilisi-Qars dəmiryolu kimi iri infrastruktur və nəqliyyat layihələri haqqında həmsöhbətinə geniş məlumat verib. O, Lixtenşteynin Avropanın ən sənayeləşmiş ölkələrindən biri olduğunu söyləyərək, Lixtenşteyn şirkətlərini Azərbaycanda da fəal olmağa və sözügedən layihələrdə iştiraka dəvət etdi.

Görüşdə tərəflər ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Lixtenşteyn arasında ikiqatvergi tutulmasının aradan qaldırılması, sərmayələrin qorunmasına dair sazişlərin imzalanmasının vacibliyini vurğulayıblar.

Tərəflər həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin təşviq edilməsi məsələlərinə də toxunublar.

Tomas Tsvayfelhofer iki ölkənin ticarət palataları arasında ilkin təmasların yaradılması və biznes nümayəndə heyətlətinin qarşılıqlı səfərlərinin təşkil olunması fikrini dəstəklədiyini bildirib. O, Azərbaycanda “Hilti” şirkətinin uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizin biznes mühitindən razılığını ifadə edib.

Görüşdə həmçinin TAP və TANAP layihələri, iqtisadi-ticarət sahəsində əməkdaşlığın digər aspektlərinə dair fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi