Bakı. 10 oktyabr. REPORT.AZ/ İsveçrə Konfederasiyasında rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası Federal Assambleyasının yuxarı palatası olan Kantonlar Şurasının Sədri Rafael Kont ilə görüşüb.
XİN-nin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, nazir Azərbaycan-İsveçrə ikitərəfli əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edib və iki ölkənin parlamentləri arasında mövcud olan əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib. Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyini vurğulayan nazir parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin dərinləşməsinə xüsusi töhfə verdiyini diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir həmsöhbətini münaqişənin həlli ilə bağlı hazırkı durum barədə məlumatlandırıb. O, Azərbaycanın mövqeyini bir daha təkrarlayıb və deyib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə və BMT TŞ-nın məlum qətnamələrinə uyğun həll edilməlidir.
Sonra iqtisadi sahədə əlaqələrə toxunan Elmar Məmmədayrov 70-dən çox İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini məmnuniyyətlə söyləyərək, diqqəti qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcudluğuna cəlb edib. O, Azərbaycanda köklü iqtisadi islahatların aparıldığını və sərmayə qoyuluşu üçün cəlbedici imkanların olduğunu qeyd edərək, İsveçrə şirkətlərini daha da fəal şəkildə Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşuna dəvət edib.
Nazir Azərbaycanda mühüm nəqliyyat infrastruktur layihələrinin həyata keçirildiyini və İsveçrə şirkətlərinin də buna maraq göstərəcəyinə inandığını bildirib. Bu xüsusda, “Ştadler Reyl” şirkəti ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında mövcud olan əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov federal müşavir Didye Burkhalter ilə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” saziş imzaladığını qeyd edərək, bunun ölkələrimiz arasında insanlararası təmasların artmasına ciddi təkan verəcəyinə əminliyini söyləyib.
Görüş əsnasında həmçinin beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.