Yuxarı

​MSK sədri İndoneziya parlamentariləriylə görüşüb

Məzahir Pənahov: Seçkilərin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şərait var

Bakı. 18 fevral. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədr Məzahir Pənahov Azərbaycanda səfərdə olan İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a MSK-nın Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib. MSK sədri rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın müxtəlif qitələrindən olan böyük inkişaf yoluna malik ölkələrin ali seçki komissiyaları ilə əlaqələrindən söhbət açıb.

M.Pənahov qeyd edib ki, Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında beynəlxalq təcrübənin öyrənilməsinin xüsusi rolu var.

Nümayəndə heyətinin rəhbəri F.Hamzah İndoneziyanın Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsinə çalışdıqlarını bildirib. O, həmçinin Mərkəzi Seçki Komissiyasının seçkilərın azad, ədalətli və şəffaf keçirilməsindəki yüksək təcrübəsindən və informasiya-kommunikasiya texnologiyalarının seçkilərdə tətbiqi sahəsində əldə etdiyi ciddi nailiyyətlərdən istifadə edərək, İndoneziyadakı seçkilərin də inkişafına nail olmaq istədiklərini deyib və iki ölkənin ali seçki qurumları arasında birbaşa əlaqələrin qurulmasında maraqlı olduqlarını ifadə edib.

Görüşdə M.Pənahov seçkilərin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, nümayəndə heyətinə Azərbaycanın seçki sistemi, MSK-nın strukturu, seçki komissiyalarının fəaliyyət prinsipləri və digər məsələlər barədə ətraflı məlumat verib və seçkilərin demokratik keçirilməsində həyata keçirilmiş genişmiqyaslı layihələri və atılan addımları diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi