Yuxarı

Moskvada Azərbaycan əsilli biznesmenlərin tikdiyi Mərkəzin açılış mərasimi olub

Açılışda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak edib

Bakı. 5 avqust. REPORT.AZ/ Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) ərazisində “Moskvarium” Okeonoqrafiya və Dəniz Biologiyası Mərkəzinin açılış mərasimi keçirilib. Mərkəz “Kiyevskaya ploşad” şirkəti, Azərbaycan əsilli biznesmenlər Qod Nisanov və Zarax İliyev tərəfindən tikilib.

Bu barədə “Report”a Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

Açılış mərasimində Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin iştirak edib. Moskva meri Sergey Sobyanin RF-nin başçısına sərgi ərazisinin inkişafı və yenidən qurulması üzrə görülən işlər haqqında məlumat verib. Sergey Sobyanin, həmçinin bildirib ki, Avropada ən böyük elmi-maarifləndirici okeanoqrafik mərkəzin tikintisi bu ilin iyul ayında başa çatıb və hazırda XTNS-nin pavilyonu dəniz və ya okean sahilindən uzaqda tikilən yeganə yüksək səviyyəli okeanariumdur.

Vladimir Putin akvarium ekspozisiya ilə tanış olub və delfin-orkaların iştirakı ilə tamaşaya baxıb.

Sonra Rusiya Prezidentinə XTNS pavilyonlarının maketi təqdim olunub, o, pavilyonların yenidən qurulması planları barədə məlumatlandırılıb.

Prezident Vladimir Putin, həmçinin Azərbaycanın və Belarusun Sərgi mərkəzləri ilə tanış olub. Azərbaycanın Sərgi Mərkəzi Vladimir Putinə tədbirə xüsusi dəvət edilmiş Azərbaycanın səfiri Polad Bülbüloğlu tərəfindən təqdim edilib.

Vladimir Putini salamlayan Polad Bülbüloğlu məlumat verib ki, Azərbaycan SSR-nin pavilyonu məşhur azərbaycanlı memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun layihəsi üzrə yaradılıb. Polad Bülbüloğlu, həmçinin qeyd edib ki, hazırkı pavilyonun fasadı uzun müddət bağlı olub və burada hesablama texnikası pavilyonu yaradılan zaman fasad açılıb və məlum olub ki, onun zahiri görkəmi qənaətbəxş vəziyyətdədir.

Azərbaycanın Rusiyadakı səfiri vurğulayıb ki, Heydər Əliyev Fondu tərəfindən pavilyonun yenidən qurulması və restavrasiyası planı hazırlanıb. İşlər başa çatdıqdan sonra burada Azərbaycanın mədəni-tarixi irsi təqdim ediləcək. Bunun üçün Azərbaycan və Rusiya arasında lazım olan bütün sənədlər imzalanıb və tezliklə bu istiqamətdə işlər başlanılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi