“Bu gün Vladimir Vladimiroviç Putinin ilə Sizin imzaladığınız Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə əlaqədar ən mühüm, strateji məsələləri müzakirə etməyi təklif edirəm. Bu mühüm qərar bizim dostluq və mehriban qonşuluq münasibətlərimizi daha yüksək səviyyəyə çatdırır. Sizi əmin etmək istərdim ki, Rusiya Federasiyasının Hökuməti liderlərimizin qərarlarını həyata keçirmək üçün nə lazımdırsa edəcək”.
“Report” xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin fevralın 22-də Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.
“Biz azərbaycanlı tərəfdaşlarla dostluğumuzu yüksək qiymətləndiririk. Bu dostluq bizim qardaş xalqlarımızın sıx əlaqələrinə əsaslanır. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və bizim mehriban qonşuluğumuzun tarixinin kökləri əsrlərin dərinliyinə gedib çatır”, - Mixail Mişustin vurğulayıb.