Bakı. 14 aprel. REPORT.AZ/
Valeh Ələsgərov parlamentin strukturu, rəhbərlik etdiyi komitənin fəaliyyəti, qəbul edilən sənədlər barədə məlumat verib. Vitse-spiker İsrailli jurnalistlərə Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi və mədəni islahatlar haqqında danışıb, ölkənin enerji təhlükəsizliyi məsələlərində Avropada önəmli rolunu vurğulayıb. TANAP və TAP layihələrindən bəhs edən parlament sədrinin müavini bildirib ki, bu layihələr Azərbaycanın Avropa ölkələrinin enerji mənbələrinə çıxışını daha da şaxələndirəcək, qonşu ölkələrin də inkişafına uğurlu töhfələr verəcək.
İsraildən olan mətbuat nümayəndələri iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsi, əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi barədə fikirlərini bildiriblər, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Görüşdə Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdən, o cümlədən I Avropa Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərdən, Azərbaycanın uğurlarından, aparılan islahatların gedişatından söhbət açılıb.