"Mənəvi birliyimiz savaşa qalib gələcək" – Zəngəzur dəhlizinin hissəsi olan İğdırdan və qarlı Qarsdan REPORTAJ

Xarici siyasət
  • 09 mart, 2026
  • 15:22
Mənəvi birliyimiz savaşa qalib gələcək – Zəngəzur dəhlizinin hissəsi olan İğdırdan və qarlı Qarsdan REPORTAJ

Türkiyənin İğdır və Qars vilayətlərində yaşayan soydaşlarımız mənəvi birliyin savaşa qalib gələcəyinə inanırlar.

"Report"un Türkiyə bürosu olaraq Zəngəzur dəhlizinin tərkib hissəsi olan İğdır və bu fəsildə -16 dərəcə şaxtanın yaşandığı qarlı Qars vilayətlərinə səfərimiz Azərbaycan Dini İşlər üzrə Dövlət Komitəsinin xətti ilə baş tutdu.

Komitənin Ramazan ayını, iftar süfrələrini bir fürsətə çevirərək bu bölgədəki Azərbaycan əsilli insanlarla ünsiyyəti daha da sıxlaşdırma təşəbbüsü regionda gərginliyin artdığı günlərə təsadüf etdi.

Atatürkün "Türkiyənin qapısı" adlandırdığı "Dilucu" sərhəd keçid məntəqəsi qardaş ölkənin Naxçıvan vasitəsilə Azərbaycan və Orta Asiya ilə əlaqə qurduğu strateji məntəqəyə çevrilib.

Azərbaycanın Qarsdakı Baş konsulu Zamin Əliyev bildirdi ki, İğdırda yerləşən və 1992-ci ildə açılan bu keçid məntəqəsi Zəngəzur dəhlizi baxımından böyük əhəmiyyətə malikdir. O, dəhlizin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xəttinin Avropa ilə Asiyanın ticarət əlaqələri üçün son dərəcə əlverişli olduğunu da vurğuladı.

Qars Baş konsulluğunun İğdır üzrə nümayəndəsi Yeliz Kalafat bu çərçivədə görülən işlərə toxunaraq İğdır-Aralıq-Dilucu xəttində tunel və digər sahələrdə tikinti işlərinin davam etdirildiyini dedi.

İğdır hazırkı şəraitdə yalnız Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyəyə bağlayan bir ümid qapısı deyil, həm də savaşın bu yerlərə yönəldən qonşu iranlılar üçün də müvəqqəti sığınacaq yeridir.

Adları çəkilən vilayətlərdə məskunlaşan soydaşlarımıza gəldikdə isə İğdır və Qars sakinlərinin əksəriyyətinin danışığı Naxçıvan ləhcəsinə yaxındır. Onların söhbətində mübarizlik və mətinliklə yanaşı, özümüzə qarşı doğmalığı da görmək mümkündür.

İğdırda 2021-ci ildə açılan Azərbaycan Evində Azərbaycan dili, tar və milli rəqs kursları təşkil edilib. Həmin mərkəzin rəhbəri Ziya Zakir Acar əslən Qərbi Azərbaycandandır. Oradakı soydaşlarımızla əməkdaşlıq məqsədi ilə 1980-ci ildə müvafiq dərnək yaradıb. Onun sözlərinə görə, rəhbəri olduğu dərnək Şimali və Cənubi azərbaycanlılarla mütəmadi əlaqələr qurub, iğdırlıları ədəbiyyat, ictimai-siyasi və mədəniyyət xadimlərimiz barəsində məlumatlandırır.

Z.Z.Acar 1990-cı ildə 20 Yanvar hadisələrindən xəbər tutan kimi bu qətliama etiraz məqsədilə Türkiyədə ilk olaraq İğdırda izdihamlı mitinqlər təşkil edib. O, şəhərdə Xocalı soyqırımı ilə bağlı davamlı tədbirlər keçirdiklərini də vurğuladı

Qarsda və İğdırda ata-babaları Azərbaycandan köç edən soydaşlarımızın çoxluğu səbəbindən milli adət-ənənələrimiz, mədəniyyətimiz o bölgədə üstünlük təşkil edir. Qarsda Azərbaycan milli mətbəx nümunələrinin təklif olunduğu restoranın sahibi Çətin Adıgözəl şəhərdə qədim ənənələrimizi yaşatmağa çalışdıqlarını söylədi:

"Məsələn, qarslıların heç bir toyu Azərbaycan mahnıları səsləndirilmədən keçməz. Musiqilərimiz burada çox sevilir. Bizim restorana gələn qonaqlara bəzən tar, qarmon, saz musiqi alətlərində çox məmnunluqla qarşılanan Azərbaycan mahnıları ifa edirəm. Analarımızın toxuduğu xalçalar, vurduğu naxışlar, digər əl işləri restoranımızı bəzəyir və bu da xoş ovqat yaradır".

Əlbəttə, soydaşlarımızın geniş məskunlaşdığı bu vilayətlərdə Novruz bayramı da xüsusi təntənə ilə qeyd olunur. Ləzzəti ilə məşhur olan, soyuq iqlimdə xüsusi üsulla yetişdirilən Qars qazı və kaşar pendiri, İğdır əriyi, göy-göyərtisində də elə öz coğrafiyamızın damaq dadı var.

Dini Komitənin təşkil etdiyi iftar məclisinə qatılanların, ən çox da vaxtilə Qərbi Azərbaycandan köçərək Qars və İğdırda məskunlaşan soydaşlarımızda vaxtilə əcdadlarının yaşadığı yurd yerlərinin həsrətini hiss etdik. Amma böyükdən kiçiyə hamısının gözündə bu nisgilin ir gün aradan qalxacağına yönəlik əzm və inamı da görə bilirdik

Dini Komitənin İstanbul, Qars və İğdırda təşkil etdiyi iftar proqramlarına qatılanlar bu təşəbbüsə görə səmimi minnətdarlıqlarını bildirdilər. Soydaşlarla ünsiyyətdə bu qənaətə gəldik ki, komitənin qeyd olunan həmrəylik və sülh missiyasına sərhəd tanımayan mənəvi birlik məqsədi də daxil olunca, işıq, sevgi və digər pozitivliklər dağıdıcı savaşı mütləq yenəcək.