BMT-nin İnkişaf Proqramı (UNDP) Azərbaycana Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) və 2030-cu ilədək olan dövr üçün Gündəliyə dəstək verməyə çalışır.
"Report" xəbər verir ki, bunu baş katibin köməkçisi, BMT-nin siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda keçirilən 4-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda çıxışı zamanı deyib.
“Biz BMT-nin İnkişaf Proqramı olaraq Azərbaycanı DİM-in 4-cü könüllü milli hesabatını hazırlayan azsaylı ölkələrdən biri olması münasibətilə təbrik etmək istərdik. Bu, DİM-lərə və 2030-cu ilədək olan dövr üçün Gündəliyə sadiqliyin sübutdur”, - o bildirib.
M.Neto bildirib ki, DİM investisiya xəritələrini işə salmaq qadın sahibkarlığının aspektlərini əhatə edəcək: “Ekoloji, sosial və idarəetmə əsaslarını tətbiq etməyə, DİM prinsiplərini ölkə iqtisadiyyatına inteqrasiya etmək üçün yol xəritəsini hazırlamağa və ya təqdim etməyə çalışırıq”.
Baş katibin köməkçisi COP29-un Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini və bu iqlim konfransının uğurla keçirilməsinə dəstəyini də ifadə edib.