Görüşdə S.Seyidov universitetdə macar dilinin tədrisinin başlanılmasında göstərdiyi yardıma görə Macarıstan tərəfinə təşəkkür edib.
P.Siyarto, öz növbəsində, macar dilinin tədris olunmasından məmnunluğunu ifadə edib. "Biz Macarıstan və Azərbaycan arasında ikitərəfli münasibətləri daha da inkişaf etdirmək üçün insanlar arasında əlaqələri möhkəmləndirməliyik" - deyə, nazir qeyd edib.
O qeyd edib ki, Azərbaycanın prezidenti İ.Əliyevin Budapeştə səfəri zamanı Macarıstanda təhsil almaq üçün təqaüdlərin ayrılması haqqında razılaşma imzalanacaq, bu da azərbaycanlı tələbələrə Macarıstanda ali təhsil almaq imkanını verəcək.
P.Siyarto, həmçinin Aİ Şərq Əməkdaşlığı proqramının vacibliyini vurğulayıb.
Daha sonra P.Siyarto tələbələr qarşısında mühazirə ilə çıxış edib.
Nazirin sözlərinə görə, bü gün dünyada qüvvələrin yenidən bölünməsi müşahidə olunur: Bir ölkə dünən geridə qalıbsa, bu gün dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilə bilər. Bu mənada Avropa öz rəqabət qabiliyyətini itirib.
P.Siyarto Macarıstanın enerji siyasəti haqqında da danışıb və bildirib ki, ölkə Cənub axını layihəsini dəstəkləyir və Nabukko layihəsinin baş tutmamasına görə təəssüf edir.