Yuxarı

​Latviya Seymində Xocalı soyqırımı müzakirə edilib

Səfir Elman Zeynalov Latviya Seymində olub

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan-Latviya parlamentlərarası münasibətləri yaxşı səviyyədədir, iki ölkənin parlamentləri daim qarşılıqlı əlaqə saxlayır.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, bu fikir fevralın 11-də Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalovun Latviya Seymində Azərbaycan-Latviya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Xosam Abu Meri ilə görüşündə səslənib.

Görüşdə səfirliyin əməkdaşları və parlamentlərarası qrupun üzvləri iştirak ediblər.

Xosam Abu Meri Latviya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, deyib ki, 2014-cü il dekabrın 17-də yaradılmış Parlamentlərarası Dostluq Qrupunda bütün fraksiyalar təmsil olunub. Bu, Latviya Seyminin hazırda 26 deputatın daxil olduğu ən böyük qrupudur. X.A.Meri parlamentlərarası qrupun üzvlərinin Azərbaycana səfər etmək arzusunda olduqlarını bildirib.

Qrupun sədr müavini Roman Naudinş Azərbaycanla regionlararası əlaqələrin səmərəli və dinamik inkişaf etməsindən söhbət açıb. R.Naudinş müsahibinin diqqətinə çatdırıb ki, bu yaxınlarda Azərbaycanda səfərdə olarkən Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq getməsinin şahidi olub. O, əmin olduğunu bildirib ki, “Bakı-2015” Avropa Oyunlarının iştirakçıları möhtəşəm tədbirin şahidləri olacaqlar.

Səfir Elman Zeynalov Xosam Abu Merini Parlamentlərarası Qrupun rəhbəri təyin edilməsi münasibətilə təbrik edib. Qeyd olunub ki, Azərbaycan və Latviya parlamentləri arasında əlaqələr dövlətlərimizin və xalqlarımızın qarşılıqlı maraqlarının qorunmasına töhfə verir. Səfir Azərbaycanın davamlı iqtisadi inkişafı, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən layihələr barədə məlumat verərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi məqamlarından da söhbət açıb. O qeyd edib ki, Azərbaycanın ədalətli mövqeyi bütün dünyada getdikcə daha çox tərəfdar tapır. Ermənistan isə siyasi cəhətdən təcrid olunmuş vəziyyətdədir və iqtisadi reqress dövrü keçirir.

E.Zeynalov Xocalı soyqırımı məsələsinə xüsusi diqqət yetirib. Azərbaycan səfiri bildirib ki, 1992-ci il fevralın 26-da yüzlərlə dinc sakinin qətlə yetirilməsi heç də təsadüfi deyildi. Bu, erməni millətçi dairələri tərəfindən əsrlər boyu yürüdülən soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. E.Zeynalov diqqətə çatdırıb ki, Xocalı soyqırımı məsələsi bu gün böyük dövlətlərin parlamentlərində müzakirə edilir. O, latviyalı deputatları Xocalı faciəsi haqqında məsələni Latviya Seymində də səsləndirməyə çağırıb. Qeyd olunub ki, ABŞ-ın 15 ştatı və 11 ölkənin parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

Qrupun rəhbəri X.Abu Meri Dağlıq Qarabağ münaqişəsi haqda informasiyanı dinləyərək Latviyanın bu barədə mövqeyini bir daha diqqətə çatdırıb. Qeyd olunub ki, Latviyanın mövqeyi bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü əsasında dinc yolla tənzimlənməsindən ibarətdir. X.Abu Meri daha sonra bildirib ki, Xocalı soyqırımı məsələsi qrupun yaxın vaxtda keçiriləcək iclasında müzakirə olunacaq.

Görüşün sonunda Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərinə Azərbaycan haqqında və Xocalı soyqırımı haqqında kitabçalar paylanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi