Yuxarı

Latviya baş naziri: "Avropa İttifaqı Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir" - MÜSAHİBƏ

Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə birbaşa əlaqələr Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox vacibdir

Bakı. 13 fevral. REPORT.AZ/ Latviyanın baş naziri Laymdota Strayumanın "Report" İnformasiya Agentliyinə müsahibəsi:

- Xanım Strayuma, Latviya yaxın yarım il ərzində Avropa İttifaqı Şurasında sədrlik edəcək. Latviya hökumətinin əsas prioritetləri sırasına rəqabət qabiliyyətli Avropa, rəqəmsal Avropa və "Dünyada Avropa" ideyası daxildir. Latviya bu məqsədlərə necə nail olmaq niyyətindədir?

- Latviya yeni iqtisadi və geosiyasi tələblər fonunda Şurada sədrliyi qəbul edib. Mən inanıram ki, Avropa bu tələblərə layiqli cavab vermək üçün düzgün addımlar atır. Biz istəyirik ki, Latviya quruma sədrlik etdiyi dövrdə Avropaya öz siyasətinə etimadı bərpa etməyə kömək etsin və onu gələcəyə inamla addımlamağa ruhlandırsın. Bizim sədrlik dövrümüzdə qarşımızda əsas üç məsələ duracaq: birinci məsələ rəqabətə davamlı Avropaya nail olmaq, ikincisi - digital, yəni, rəqəmsal Avropa yaratmaq, üçüncü prioritet istiqamət isə Avropanı dünyaya təqdim etmək məsələsidir. 

İlk növbədə, biz Avropanı rəqabət qabiliyyətli etmək istəyirik. Bu vətəndaşların bilavasitə rifahının yüksəlməsi və Aİ üzv ölkələrinin iqtisadi vəziyyətində əks olunacaq yeni investisiyaların cəlb olunması deməkdir. Biz yeni investisiya planını alqışlayırıq. Latviya hökuməti iyun ayında Avropa strateji investisiyalar fondunun yaradılmasına hazırdır. Biz vahid bazarın möhkəmləndirilməsi və onun potensialının artırılması üçün fəaliyyətimizi davam etdirəcəyik. Bunu Avropa İttifaqının mərkəzində yerləşərək, Baltik regionunda enerji əməkdaşlığının  ən yaxşı nümunələrini təqdim etməklə, dörd azadlığın dörd əsas şərt olduğunu nümayiş etdirməklə yerinə yetirəcəyik". 

İkincisi, biz Avropanı daha rəqəmsal etmək istəyirik. Biz Avropanın rəqəmsal potensialını artırmaq və yeni iş yerlərinin açılması, inkişafın əldə olunması və istehlakçıların rifahının artırılması üçün vahid rəqəmsal bazarın yaradılması istiqamətində işləcəyik. Həmçinin "Digital by default" siyasətini tətbiq edərək, Avropa iqtisadiyyatının dünyada qabaqcıl və nəzəri biliklərə əsaslanan bir iqtisadiyyata çevrilməsində köməklik göstərmək istəyirik. Biz yeni Rəqəmsal Strategiya üzrə işlərə rəhbərlik etmək və Riqada Rəqəmsal  Assambleyanın iclasını keçirmək istəyirik. Biz gələcəkdə terrorizm, kibertəhlükəsizlik ilə mübarizəmizin konturlarını müəyyən etmək zərurəti fonunda məlumatların qorunması ilə bağlı işləri və  balanslaşdırılmış telekommunikasiya islahatlarını da həyata keçirəcəyik.

Üçüncüsü, biz Avropanın qlobal oyunçu kimi bütün mühüm məsələlərə cəlb olunmasını istəyirik. Avropa sülh və sabitlik naminə birləşməlidir. Bu bizim region üçün olduqca vacibdir, buna görə də biz Avropa Qonşuluq Siyasətinə yenidən baxılması işini davam etdirəcəyik və Riqada Şərq Tərəfdaşlığı Sammitini keçirəcəyik. Dünyada baş verən poroseslərə cəlb olunmuş Avropa, həmçinin qlobal Avropa deməkdir. Biz Aİ-nin Orta Asiyaya dair siyasətinin  genişləndirilməsi və dərinləşdirilməsi ilə bağlı işi də davam etdirmək,  Kanada, Yaponiya və ABŞ ilə ticari əlaqələri intensivləşdirməyə köməklik etmək niyyətindəyik. Avropanın İqtisadi İnkişaf ilində biz qitə ölkələrinin təhlükəsizliyi və müdafiəsi, xarici yaraqlılara və qanunsuz miqrasiyaya qarşı mübarizə, qurumun genişləndirilməsi və inkişafı ilə bağlı mühüm məsələlərin həll edilməsinə davam etdirəcəyik. 

- Latviya ilk dəfə olaraq Aİ Şurasında sədrlik edəcək. Aİ-də üzvlük Latviya üçün hansı müsbət dəyişikliklərə səbəb olub?

- Aİ-yə daxil olduqdan sonra son 10 il ərzində Latviya dinamik və böyük dəyişikliklər, həmçinin islahatlar yolu keçib. Biz Aİ-də orta həyat səviyyəsinə 20% yaxınlaşmışıq. Rəhbərlik etdiyim hökumət haqqında danışaraq,  hədəfimizin rəqəmsal texnologiyalara, innovasiya və elmə əsaslanan iqtisadiyyata nail olmaqdır.

- Latviya və Azərbaycanın uzun müddət ərzində bir dövlətin tərkibində olmasını nəzərə alaraq, ölkələrimiz arasındakı münasibətlərin necə inkişaf etdirmək niyyətiniz var və Latviya üçün hansı fəaliyyət sahələri daha çox maraq kəsb edir?

- Latviya Azərbaycanı Cənubi Qafqazda etibarlı tərfdaşı kimi qiymətləndirir. Biz ikitərəfli münasibətlərin inkişafından məmnunuq. Siyasi dialoqumuz aktiv və konstruktivdir. Biz Azərbaycan rəhbərliyinin Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitində iştirakını gözləyirik. 

Biz vətəndaşlarımızın rifahını daha da yaxşılaşdırmaq üçün iqtisadi münasibətlərdəki səylərimizi artırmalıyıq. İqtisadi əməkdaşlıq üçün potensial və imkanlar tam istifadə olunmayıb. İkitərəfli əməkdaşlıq üçün ən perspektivli sahələr İT sahəsi, səhiyyə, sənaye və ətraf mühitin mühafizəsidir. 

Latviya islahatların həyata keçirilməsində təcrübə mübadiləsi aparmaqda maraqlıdır. Biz Azərbaycanın 2014-cü ildə Şərq Tərəfdaşlığı və Orta Asiya regionu üçün Avropa qanunvericiliyi və iqtisadiyyatı proqramında iştirakını alqışlayırıq. Biz Riqa Ali Hüquq Məktəbi tərəfindən təklif olunan bu proqramı 2015-ci ildə də davam etdirəcəyik. Həmçinin təhsil sahəsində əməkdaşlığı genişləndirmək istəyirik ki, daha çox azərbaycanlı tələbə Latviya universitetlərində təhsil ala bilsin. 

Azərbaycanla AB arasında münasibətlərin möhkəmlənməsinə Latviya hansı köməkliyi göstərə bilər? Ölkəniz Şərq Tərəfdaşlığı proqramının inkişafında maraqlıdır?

- Şərq Tərəfdaşlığı proqramının inkişafı Latviya hökuməti üçün prioritet məsələlərdən biridir. Riqa sammitində, Vilnüsda keçirilən sammitdə qarşıya qoyulan hədəflərə nail olmaq haqqında məsələ qaldıracaq və assosiativ razılaşmaların yerinə yetirilməsinə ilkin qiymət veriləcək. Biz inanırıq ki, fərdi yanaşma hər bir ölkəyə qarşı tətbiq oluna bilər. 

Aİ regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında, energetika, terrorizmlə mübarizə, investisiya, mədəniyyət, təhsil məsələlərində Azərbaycanı etibarlı tərəfdaş kimi görür. Biz münasibətlərimizin qarşılıqlı hörmət və ümumi maraqlar əsasında qurulmasında maraqlıyıq. 

- Avropa bu gün zəif iqtisadi inkişaf, miqrant axını və terrorizm təhlükəsi kimi ciddi problemlərlə üzləşib. Latviya bunlarla mübarizədə Aİ-yə nə təklif edə bilər?

- Avropanın bu gün qarşılaşdığı ən əsas problem iqtisadi, dini və digər bu kimi fərqlər əsasında cəmiyyətimizin radikallaşmasıdır. Bu təhlükəli təmayüllərin nəticələri bir neçə il bundan əvvəl  təsəvvür etdiyimizdən daha böyükdür - əhalinin xeyli bir qismi iqtisadi və sosial fəaliyyətdən kənarda qalıb, qatı populistlər siyasi səhnədə daha fəal olmağa başlayır.  

Mən Ukraynanın şərqində  artan silahlı toqquşmalardan çox narahatam. Bu Minsk razılaşmalarının ən mühüm öhdəliklərinin yerinə yetirilməməsinin nəticəsidir.  

Biz Rusiya da daxil olmaqla, qonşularımızla stabil və praqmatik münasibətlərin qurulmasını istəyirik. Lakin Krımın işğalı, Ukraynaya təcavüz və beynəlxalq hüququn pozulması Rusiya ilə iqtisadi və digər əlaqələri tam şəkildə davam etdirməyə imkan vermir. Avropa İttifaqının cavabı dəqiq və yeganədir. Rusiya Minsk razılaşmalarına əməl etməyincə sanksiyalar qüvvədə qalacaq.  Sanksiyaların daha da gücləndirilməsinin dayandırılması Rusiyanın addımlarından asılıdır. Krımın işğalı unudula və bağışlana bilməz. 

İqtisadiyyata gəldikdə, Avropa İttifaqının əsas problemi  qurumun və onun üzvlərinin yenidən iqtisadi artım yoluna qaytarılmasından ibarətdir. Bu məsələnin həlli rəqabət qabiliyyətinin yüksəlməsindədir. Aİ-yə daha çox investisiya cəlb etmək və strateji tərəfdaşları ilə  daha sıx iqtisadi əlaqələr qurmaq tələb olunur. Avropa üçün investisiya planı, ABŞ ilə Transatlantik ticari və investisiya tərəfdaşlığı, Aİ daxili bazarının tələbatlarının tam ödənilməsi bizim qarşıda duran məsələlərin həlli üçün tətbiq edəcəyimiz ən mühüm vasitələrdən olacaq. 

Parisdəki hadisələrdən sonra, yanvarın əvvəllərindən terrorizmlə mübarizə müxtəlif səviyyələrdə keçirilən bir sıra tədbirlərdə əsas müzakirə mövzusuna çevrilib. Artıq Aİ və ona üzv ölkələr tərəfindən çox işlər görülüb. Daxili işlər və ədliyyə nazirlərinin  görüşündə keçirilən müzakirələr nəticəsində Riqa birgə bəyanatı qəbul olunub. Bəyanatda hazırkı təhlükələrə qarşı gələcək ümumi tədbirlər, daha dəqiq, radikallığın qarşısının alınması, informasiya mübadiləsi və səlahiyyətli strukturlar arasında əməkdaşlığın qurulması, silahların qanunsuz dövriyyəsinin qarşısının alınması və xarici sərhədlərin möhkəmləndirilməsi ilə bağlı tədbirlər əksini tapıb. Latviya Şengen zonsına daxil olan sərnişinlərin adlarının qeydiyyat sisteminin yaradılmasına və fəaliyyətinə böyük əhəmiyyət verir. Maliyyə nazirləri, öz növbəsində, terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə gələcək addımları müzakirə ediblər. Bundan əlavə, terrorizmin xarici aspektləri ilə mübarizəyə dair gələcək işləri də nəzərə alaraq, XİN rəhbərləri üçüncü dövlətlərlə əlaqələri gücləndirmək, terrorizmlə mübarizədə ümumi strategiyanı həyata keçrimək, eləcə də terrorizmə səbəb olan həll olunmamış münaqişə və böhranlı vəziyyətləri həll etmək haqqında razılığa gəliblər. 

- Xanım Strayuma, bu yaxınlarda bütün dünya Parisdə, həmçinin onun ətrafında baş verən və onlarla insanın terrorçular tərəfindən öldürüldüyünün şahidi oldu.  Eyni zamanda Almaniyada antimüsəlman çıxışları təşkil olunur, İsveçdə müsəlmanlara hücumlar baş verir. Avropada müsəlmanlara və miqrantlara qarşı mənfi tendensiyaların artmasını gözləmək olar və Latviya bunun qarşısını almaq üçün nə edə bilər? 

- Mən əminəm ki, heç bir din - nə islam, nə də xristianlıq zorakılıq və terrorizmi təbliğ etmir. Avropa əsrlər boyunca bir çox millətlər və müxtəlif dinlərə etiqad edən insanların evi olub. Aİ-nin yeganə şüarı "Birlik müxtəliflikdədir" olaraq qalır. Digər bir məsələ cəmiyyətimizdəki ayrı-ayrı insanların radikallığının və ekstremizminin qarşısının alınmasıdır. Aİ bu sahədə artıq çox iş görür: sosial inteqrasiyanı inkişaf etdirir, mədəni dialoqu həyata keçirir, təhsili təkmilləşdirir. Lakin hələ çox iş görmək lazımdır və biz ümid edirik ki, Parisdəki terror aktlarından sonra Aİ radikalizm, ekstremizm və terrorizm faktorlarının aradan qaldırılmasında daha effektiv tədbirlər görəcək. Avropa dəyərlərinə sadiq islam dövləti olan Azərbaycan bu baxımdan bizim yaxşı məsləhətçimiz və tərəfdaşımız ola bilər. 

-  Avropada terrorizm və təhlükəsizlik haqqında danışarkən, Aİ ilə sərhəddə bir neçə dondurulmuş münaqişənin mövcud olduğunu yaddan çıxara bilmərik. Aİ sədri kimi Latviya bu münaqişələrin, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı addımları atmaq niyyətindədir?

- Biz Aİ Şurasına sədrlik edən ölkə kimi, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin həlli istiqamətində aparılan danışıqları dəstəkləyirik. Biz inanırıq ki, onun həlli üçün Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə birbaşa görüşlər təşkil etmək çox vacibdir. Münaqişənin davamlı həllinə nail olmaq üçün səylər davam etdirilməlidir və Latviya bu səyləri dəstəkləyir. Latviya əmindir ki, Dağlıq Qarabağda münaqişə yalnız  beynəlxalq hüququn əsas prinsiplərinin nəzərə alınması ilə  sülh yolu ilə həll oluna bilər. Tərəflər təmkinli olmalı və vəziyyətin gərginləşməsinə gətirə biləcək istənilən addım və bəyanatlardan çəkinməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi