Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının sammitində iştirak etmək üçün Rusiyaya cari səfəri uğurlu olacaq.
“Report” xəbər verir ki, bunu jurnalistlərlə açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
“Azərbaycan Rusiyanın strateji tərəfdaşı səviyyəsinə yüksəlib. Birincisi, ölkə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, inamla inkişaf edir, irəliləyir. Ən əsası isə iki ölkənin prezidentləri Vladimir Putin və İlham Əliyev arasında etimad, dürüstlük və etibarlılıq var. Prezidentlər, həm də dövlətlər bir-birinə güvənə bilərlər”, - o bildirib.
Korotçenko qeyd edib ki, güclü dövlətlərin bəzən manipulyasiya etməyə, digər suveren dövlətlərə təzyiq göstərməyə və “ipləri əlinə almağa” çalışdığı müasir şəraitdə Azərbaycan və Rusiya öz maraqlarını qətiyyətlə müdafiə edir.
“Rusiya və Azərbaycan o ölkələrdəndir ki, onlara təzyiq və manipulyasiya etmək mümkün deyil. Biz özümüzü təmin edirik və bu, ən vacib keyfiyyətdir. Özünü təmin etmək, ilk növbədə, siyasi sistemin, iqtisadiyyatın, maliyyənın sabitliyinə əsaslanır, amma ən əsası hər zaman və hər yerdə milli maraqların qorunmasıdır. Ona görə də prezidentlərimiz öz fəaliyyətlərində milli maraqların müdafiəsini ön planda tutan siyasətçilərdir. Bunun sayəsində hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətlərinin parlaq gələcəyi var. Biz bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək və gücləndirəcəyik”, - o vurğulayıb.
Korotçenko həmçinin qeyd edib ki, MDB formatında regional ittifaqlar gücləndirilir.
“Bizi keçmişdə və bu gün birləşdirən cəhətlər insani əlaqələr, iqtisadiyyat və ən əsası, bir-birimizə necə və harada kömək edə biləcəyimizi, bir-birimizi necə gücləndirə biləcəyimizi anlamağımızdır. Bu mənada hesab edirəm ki, qarşıdakı sammit uğurlu olacaq və Azərbaycan, həmişə olduğu kimi, sammitə təkcə müsbət yox, həm də əsas töhfələrindən birini verəcək. Ona görə də, əlbəttə ki, Rusiyanın böyük dostu, zəmanəmizin görkəmli dövlət siyasi xadimi, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini alqışlayırıq və tam əminik ki, həm çoxtərəfli, həm də ikitərəfli formatda danışıqlar, şübhəsiz ki, uğurlu olacaq”, - deyə o fikrini tamamlayıb.