Koreya səfiri: "Azərbaycanın əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var"

Koreya səfiri: "Azərbaycanın əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var" İqtisadiyyatın ticarət kimi sahələri Cənubi Koreya və Azərbaycan arasında əməkdaşlığın gələcək və fasiləsiz inkişafı üçün ən perspektivli sahələrdir.
Xarici siyasət
16 Sentyabr , 2021 17:28
Koreya səfiri: Azərbaycanın əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialı var

"İqtisadiyyatın ticarət kimi sahələri Cənubi Koreya və Azərbaycan arasında əməkdaşlığın gələcək və fasiləsiz inkişafı üçün ən perspektivli sahələrdir".

Bunu “Report”a müsahibəsində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tinq Op bildirib.

Onun sözlərinə görə, Azərbaycan Koreya şirkətləri üçün ən maraqlı ölkələr sırasındadır, bu ölkə təbii resurslarla zəngindir, əməkdaşlığın gələcək və fasiləsiz inkişafı üçün böyük potensiala malikdir.

“Azərbaycan Cənubi Koreyanın malik olmadığı təbii resurslarla zəngindir. Biz energetika və təbii resurslarla bağlı sahələrdə əməkdaşlıq üçün böyük potensial görürük”, - səfir deyib.

Səfir energetika sahəsində əməkdaşlığa nümunə olaraq bir sıra birgə layihələri, o cümlədən Koreya şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkətinin SOCAR GPC layihəsində iştirakını qeyd edib.

“Biz Azərbaycan hökuməti və ya SOCAR-ın elan etdiyi istənilən layihədə iştirak imkanlarını görürük”, - Kim Tinq Op deyib.

O qeyd edib ki, əməkdaşlıq üçün yalnız bir sahə müəyyən etmək çox çətindir, onların hamısı iqtisadiyyat sahəsi qədər əhəmiyyətlidir.

“Hər zaman təqaüd proqramları, tələbə mübadiləsi proqramlarına xüsusi əhəmiyyət vermişəm. Ölkələrimiz arasında bu proqramların inkişaf etdiyini görmək çox xoşdur”, - Kim Tinq Op əlavə edib.

Siyasi sahədə münasibətlərin inkişafına gəlincə, səfir Koreya Respublikasının Milli Assambleyasının sədri Pak Byon Sokun başçılıq etdiyi nümayəndə heyətinin bu yaxınlarda Bakıya səfər etməsini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsini xüsusilə qeyd edib. O, Azərbaycan Prezidentinin görüş zamanı iki ölkə arasında əməkdaşlığa xüsusi maraq göstərdiyini bildirib.

Səfirin sözlərinə görə, ölkələr arasında layihələrin çoxu dövlət dəstəyi ilə ayrı-ayrı müəssisələr arasında həyata keçirilir.

Bu baxımdan Kim Tinq Op Azərbaycanda daimi nümayəndəliyi olan KOICA (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) layihəsini xüsusilə vurğulayıb. KOICA əsasən təhsil, insan resurslarının inkişafı, həmçinin infrastruktur layihələrinə böyük əhəmiyyət verir.

Bundan başqa, ötən il ikili diplomun tanınması proqramı haqqında Koreyanın İnha Universiteti ilə Bakı Mühəndislik Universiteti arasında müqavilə imzalanıb. Ötən ilin sentyabrında proqrama start verilib. Beləliklə, artıq Koreya mədəniyyətini və dilini öyrənən xeyli azərbaycanlı tələbə var.

Pandemiyanın iki ölkə arasında əməkdaşlığa təsirinə gəlincə, səfir COVID-19-un turizmə bilavasitə təsir etdiyini deyib.

“2019-cu ildə Azərbaycana səfər etmiş koreyalı turistlərin sayı 9 min nəfərə çatmışdı. 2020-ci ildə bu göstəricinin 10 min nəfərə çatacağını gözləyirdik, lakin pandemiya səbəbindən bu göstərici aşağı düşdü”, - Kim Tinq Op bildirib.

O qeyd edib ki, pandemiya başa çatdıqdan sonra turizm sürətlə bərpa olunacaq sahə olmalıdır.

“COVID-19 pandemiyası hələ başa çatmayıb, bu səbəbdən postpandemiya dövrü haqqında danışmaq hələ tezdir. Koreya Respublikasının Milli Assambleyasının sədri Pak Byon Sokun Azərbaycana bu yaxınlarda baş tutmuş səfəri göstərdi ki, vaxtı gələndə əməkdaşlıq layihələrimizi və mübadilə proqramlarını normallaşdırmağa hazırıq”, - səfir əlavə edib.

O, həmçinin Azərbaycanın azad olunmuş ərazilərinin bərpası prosesinə də toxunub. Onun sözlərinə görə, Azərbaycanın azad olunmuş ərazilərində infrastrukturun bərpasına dair layihələrdə, xüsusilə də “Yaşıl enerji zolağı” layihəsində iştirak etmək istəyən bir sıra Koreya şirkətləri Energetika Nazirliyinə müraciət ediblər.

“Yaxın vaxtlarda müsbət nəticələr əldə edə bilərik. Azərbaycan hökuməti bu layihəyə böyük əhəmiyyət verir, biz də bu yöndəki səylərə qoşuluruq. Koreya şirkətləri hansısa layihədə iştirak etmək üçün məlumat istədikdə səfirlik bunu təmin edir” - deyə səfir vurğulayıb.

Səfir 2021-ci ilin iyul ayının əvvəlində Şuşaya səfər etdiyini, həmçinin Füzuli Beynəlxalq Hava Limanında tikinti meydançasını nəzərdən keçirdiyini bildirib.

“Təəssüratlarımı ifadə etməyə bir neçə saat vaxt lazımdır. Qarabağın ən gözəl şəhərini görmək unikal imkan idi”, - Şuşa haqqında təəssüratlarını ifadə edən səfir bildirib.

Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin sürətli aparıldığına toxunan diplomat qeyd edib ki, 2021-ci ilin 5 sentyabr günü həmin hava limanına ilk sınaq uçuşunu həyata keçirən Azərbaycan verdiyi sözü tutduğunu sübut edib.

“Bu da xarici ölkələrin Azərbaycan hökumətinə və xalqına etimadını daha da artırır. Azərbaycan dediyini yerinə yetirdiyini göstərdi”.

Son xəbərlər

Orphus sistemi