Kolumbiyanın ən nüfuzlu mətbu orqanı “Semana” jurnalında Azərbaycanın həmin ölkədəki səfiri Məmməd Talıbovun müsahibəsi əsasında “Nəhayət ki, ədalət qalib gəldi” başlıqlı məqalə dərc edilib.
Azərbaycanın Kolumbiyadakı Səfirliyindən “Report”a verilən məlumata görə, məqalədə lokal xarakterli antiterror tədbirlərinin Qarabağın erməni separatçılarının müstəqillik arzularına son qoyduğu və tarixi ədalətin bərqərar olduğu bildirilir.
Məhz Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalına məruz qaldığı, 100 minlərlə insanın doğma torpaqlarından didərgin salındığı bildirilir.
Diqqətə çatdırılır ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı qruplaşmaların suveren Azərbaycan ərazilərində mövcudluğunu davam etdirməsi və həyata keçirdikləri saysız-hesabsız təxribat əməlləri 24 saatlıq antiterror tədbirlərini qaçılmaz edib. Antiterror tədbirləri nəticəsində qondarma rejimin silahları yerə qoyaraq təslim olub və Qarabağın erməniəsilli sakinlərinin nümayəndələri ilə Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri arasında reinteqrasiya prosesi ilə bağlı danışıqlar davam etdirilib. Azərbaycan Respublikasının Prezidentinin sözlərinə istinadən, Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin ediləcəyi əksini tapır.
Məqalədə Azərbaycanın Ermənistanla dialoqa hazır olduğu və regionda sülhün təmin edilməsi üçün səylərini əsirgəmədiyi vurğulanır. Məqalədə sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və bütün kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının regionun inkişafına əlavə təkan verəcəyi bildirilir.
Eyni zamanda, səfir M.Talıbovun Kolumbiyaya səfəri çərçivəsində bu ölkənin Konqresində, dövlət qurumlarında bir sıra görüşlər keçirdiyi, tərəflərin təhsil, elm, mədəniyyət, turizm, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlı olduğu bildirilir.
