Bakı. 29 dekabr. REPORT.AZ/ Dekabrın 27-də Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ziyafət təşkil edib.
"Report" un məlumatına görə, tədbirdə Kanadanın Ottava və Monreal şəhərlərində yaşayan soydaşlarımız iştirak etmişlər.Tədbirin açılışında çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən söz açmış, bu bayramın təsis edilməsinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü olduğunu vurğulamışdır.
Qeyd edilmişdir ki, bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq soydaşımız və həmvətənlimizin respublikamızla əlaqələrini möhkəmləndirmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Ramil Hüseynli, həmçinin Kanadada yaşayan icma üzvlərini bir olmağa, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilərək, bu dövlətin Azərbaycana qarşı təcavüz siyasətinə son qoyması istiqamətində səylərini səfərbər etməyə çağırmışdır.
Tədbirin sonunda Azərbaycan musiqisi və rəqsləri nümayiş etdirilib.