Kaliforniyada yaşayan tanınmış kamança ustası İmamyar Həsənovun Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş musiqi əsərinin premyerası keçirilib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən məlumata görə, əsər adıçəkilən konsulluğun təşəbbüsü və dəstəyilə ərsəyə gəlib.
Sosial şəbəkələr vasitəsilə keçirilmiş premyera böyük rəğbət qazanıb və geniş yayılıb. Musiqi əsərinin əvvəlində Xocalı Soyqırımı haqda məlumat verilir, beynəlxalq Human Rights Watch təşkilatının bu dəhşətli faciəni Ermənistan-Azərbaycan münaqişəsi tarixində “ən böyük qətliam” adlandırdığı diqqətə çatdırılır. Həmçinin, soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlıların bəzilərinin şəkilləri nümayiş etdirilir.
2012-ci ildən bəri San Fransisko Dünya Musiqi Festivalında Qlobal Musiqi Direktoru olaraq çalışan İmamyar Həsənov, Azərbaycan musiqisinin ABŞ-da və dünyanın müxtəlif ölkələrində layiqincə təbliği və təqdim olunması işinə böyük töhfələr verib.
Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə İmamyar Həsənov Kaliforniyada yerləşən məşhur Stanford Universitetində “Azərbaycan Musiqisi” kursunu tədris edərək, bu dünya şöhrətli universitetin tələbələrini Azərbaycanın zəngin musiqi mədəniyyəti ilə yaxından tanış edib. Bu kurs ABŞ-ın ən tanınmış universitetləri arasında Azərbaycan musiqisinin tədrisinə həsr olunmuş ilk kurs kimi tarixə düşüb.