"Fransada etirazçılara qarşı polis zorakılığı hökumət əleyhinə keçirilən aksiyalar zamanı daha çox müşahidə olunur".
Bunu "Report"un Fransa bürosuna açıqlamasında Türkiyənin "Anadolu" agentliyinin Paris təmsilçiliyinin əməkdaşı Ümit Dönməz deyib.
O vurğulayıb ki, Fransa polisi aksiyalar məsələsinə ikili standartlarla yanaşır. Ü.Dönməz söyləyib ki, bu ölkənin asayiş keşikçiləri PKK terror qruplaşması tərəfdarlarının yanvarın 19-da Parisdə keçirdiyi etiraz aksiyası zamanı təxribatların qarşısını almayıb və prosesi kənardan izləyib.
"Mən jurnalistlik fəaliyyətim dövründə çoxlu sayda etiraz aksiyasını izləmişəm. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, Fransa polisi etirazçılara qarşı çox zaman səbr nümayiş etdirmir. Eyni zamanda, nümayişlərə fərqli yanaşmanı da çox görmüşəm. Məsələn, PKK tərəfdarlarının aksiyasında etirazçılar çoxlu sayda təxribatlar törədirdilər. Buna baxmayaraq polis zorakılıq hallarına yol verənlərə qarşı tədbir görmürdü, sadəcə kənardan izləyirdi", - jurnalist vurğulayıb.
Onun sözlərinə görə, eyni hal ötən il dekabrın 23-24-də keçirilən aksiya zamanı da baş verib. Ü.Dönməz qeyd edib ki, Fransanın hüquq-mühafizə orqanlarının rəhbərliyi aksiyanın keçirildiyi əraziyə çox az sayda polis cəlb etmişdi: "Ərazidə polislərin sayı çox az idi. PKK tərəfdarları təxribat əməlllərinə əl ataraq təhqiramiz söyüşlər söyür, mağazaların şüşələrini sındırır, güllə atırdılar. Polislər buna müdaxilə etmirdilər. Yalnız yarım saatdan sonra reaksiya verməyə başladılar. Sonda məcbur olub əlavə polis qüvvəsi cəlb etdilər. Bundan sonra vəziyyəti nəzarət altına ala bildilər".
Ü.Dönməz bildirib ki, ötən həftə isə vətəndaşlar Fransa hökumətinin pensiya islahatına etiraz olaraq aksiya keçiriblər və asayiş keşikçiləri nümayişçilərə qarşı dəyənəkdən istifadə edib:
"Son nümayişə gəldikdə isə yalnız bir ovuc insan zorakılıq nümayiş etdirirdi. Buna baxmayaraq, polis hamıya qarşı zor tətbiq etdi. İnsanlar hökumətin təqaüd sistemində dəyişikliklər etməsinə etirazını bildirirdilər. Fransa polisi çox böyük səbirsizlik nümayiş etdirərək etirazçılara qarşı zorakılığa əl atdı. Halbuki insanlar öz hüquqlarından istifadə edərək təqaüd yaşının artırılmasına qarşı dinc şəkildə etirazlarını bildirmək üçün yığışmışdılar".