İsveç investorları Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət olunub.
"Report" xəbər verir ki, bu sözlər "İsveç Ticarət Palatasının” və Ələt Azad İqtisadi Zonası ilə birgə Stokholmun mərkəzində yerləşən Dünya Ticarət Mərkəzində keçirilən təqdimatda bildirilib.
Tədbirdə çıxış edən Azərbaycanın İsveç Krallığında səfiri Zaur Əhmədov keçirilən tədbirin mahiyyəti haqqında söz açıb. Azərbaycan iqtisadiyyatının son illərdəki inkişafı, onun şaxələndirilməsi uğrunda aparılan işlər haqqında danışan səfir, Ələt Azad İqtisadi Zonasının bu məsələdəki əhəmiyyətini diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, sözügedən iqtisadi zona bütün xarici investorlara böyük maraq doğuran unikal investisiya imkanları yaradır və bu gün investorlar bu imkanlarla yaxından tanış olmaq şansından istifadə edə bilər.
İsveç Xarici İşlər Nazirliyinin Ticarətin Təşviqi - Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktor müavini Victoria Amandustin İsveç ilə Azərbaycan arasında əlaqələrin son illər inkişaf etməsini yüksək qiymətləndirərək, humanitar və iqtisadi əlaqələrin və qarşılıqlı ticarət dövriyyəsinin artmasını müsbət qiymətləndirib. Getdikcə daha çox İsveç şirkətlərinin məhsullarının Azərbaycan bazarına daxil olduğunu habelə, ölkəmizin daha çox yaşıl iqtisadiyyata keçid ambisiyasını yüksək qiymətləndirən Victoria Amandustin, Azərbaycanda yeni investisiya imkanlarının İsveçdə tanıdılması tədbirlərinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun rəhbəri Valeh Ələsgərov, rəhbərlik etdiyi qurumun qarşısına qoyulan məqsədlər haqqında ətraflı danışıb. Qeyd edib ki, Ələt Azad İqtisadi Zonası Azərbaycana innovativ texnologiyalara əsaslanan əlavə dəyər yaradan ixrac yönümlü istehsal müəssisələrinin yaradılması üçün münbit şərait təqdim edir. Bu xüsusda investorlara unikal qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar, əlverişli logistika və nəqliyyat infrastrukturu habelə, istehsalatın yaradılması üçün bütün zəruri infrastruktur ilə təchiz olunan torpaq sahələri təklif edilir.
Təqdim edilən şəraitin yerli və beynəlxalq investorlarda böyük marağa səbəb olduğunu bildirən Valeh Ələsgərov, investorların artan tələblərini nəzərə alaraq növbəti mərhələlər üçün nəzərdə tutulan infrastruktur işlərinin sürətləndirilməsinin vacibliyini də vurğulayıb.
O, İsveç şirkətlərini Ələt Azad İqtisadi Zonasında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.
Ardınca təqdimatla çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - "AZPROMO" müşaviri Zöhrab Qədirov, Azərbaycanda investisiya imkanları, hökumətinin ixracın diversifikasiya olunma strategiyası haqqında təqdimatla çıxış edib. Zöhrab Qədirov o cümlədən Azərbaycanın nəqliyyat və digər iqtisadi layihələr və aparılan islahatlar barədə məlumat verib.
“Caucasus Consulting Group of Companies” şirkətinin təsisçisi Bəhram Atabəyli Nobel qardaşlarının Azərbaycan-İsveç əlaqələrindəki tarixi rolu, ölkəmizdəki biznes mühiti, İsveç şirkətlərinin Azərbaycan bazarında marağı barədə danışıb.
Sonda çıxış edən İsveçin “Eriksson” telekommunikasiya şirkətinin təmsilçisi Anatoliy İliyaç, Azərbaycanda inkişaf edən biznes mühiti, şirkətin yerli bazarda iştirakı və həyata keçirdiyi layihələr haqqında təqdimat ilə çıxış edib.
Tədbir sual-cavab formasında davam edib.