İsveçdə Zəfər Günü qeyd olunub

Xarici siyasət
  • 08 noyabr, 2022
  • 14:04
İsveçdə Zəfər Günü qeyd olunub

Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ikinci ilinin tamam olması ilə əlaqədar İsveçdə Zəfər Günü qeyd olunub.

“Report”un Avropa bürosunun məlumatına görə, tədbirin əvvəlində torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə İsveçin Yöteburq şəhərindəki “Azərbaycan Evi” birliyinin və “Qarabağ Azadlıq Mərkəzi”nin rəhbəri Ülviyyə Nəcəfova çıxış edib.

O, bir müddət əvvəl bir qrup nümayəndə heyəti ilə birlikdə Azərbaycanın işğaldan azad edilən torpaqlarına səfər etdiyini xatırladıb və bildirib ki, erməni vandalizminin nəticələri ilə bağlı lentə aldığı foto, video və s. məlumatları İsveç cəmiyyəti ilə bölüşüb: “Bütün dünya erməni vandalizmini görməlidir. Təbii ki, bunu söz olaraq deməklə hansısa bir nəticə əldə edə bilmərik. Ona görə də ictimaiyyət qarşısına yalnız və yalnız fakt göstərməli və həqiqətləri çatdırmalıyıq. Hesab edirəm ki, “Qarabağ Azadlıq Mərkəzi” olaraq bu istiqamətdə çox işlər görmüşük”.

Bayram tədbiri İsveçdə yaşayan azərbaycanlı uşaqların vətənpərvərlik mövzusunda səsləndirdikləri şeirlər və mahnılar ilə davam edib.