"İran Azərbaycana qarşı olan düşmənçiliyini müxtəlif formalarda nümayiş etdirir. Belə ki, aprelin 2-də Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı İran parlamentinin İslam dünyasına ölkəmizi qınamağa edilmiş çağırışı onların uğurlarımızı həzm edə bilməməsindən irəli gəlir. Hesab edirəm ki, bu, riyakarlığın ifrat nümunəsidir".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir və beynəlxalq məsələlərlə bağlı heç kimlə məsləhətləşmir:
"Bunu İran da birdəfəlik bilməlidir. Onların düşüncəsi ilə elə çıxır ki, Azərbaycan xarici siyasətini onlardan icazə alıb yürütməlidir. Bu, tamamilə absurd yanaşmadır və ölkəmizin daxili işlərinə kobudcasına müdaxilə edilməsidir. İran parlamenti yaydığı bəyanatla özünün İslam dininin dəyərlərindən çox uzaq olduğunu nümayiş etdirdi. Bir daha qeyd etmək istəyirəm ki, İran İslam dini dəyərlərindən çox uzaqdır və İslam dini pərdəsi altında özlərinin çirkin niyyətlərini reallaşdırmağa çalışır".
Deputat bildirib ki, İranın son illərdə islam ölkələri ilə yanaşmasında tutduğu mövqe onların islami dəyərlərdən uzaq olduğunu təsdiq edir:
"Belə olmasaydı İslam dini dəyərlərini çox yüksək səviyyədə yaşadan və eyni dini baxışlara malik Azərbaycana qarşı düşmən siyasətini yürütməzdi. Çünki belə olmasaydı Ermənistan torpaqlarımızı 30 il işğal altında saxladığı dövrdə ərazilərimizdəki yaşayış məntəqələri, milli mədəniyyət abidələrimizi və məzarlıqları dağıdaraq məhv edilməsinə görə heç olmasa bir dəfə öz etirazını bildirərdi. Qarabağdakı 67 məsciddən 65-i yerlə yeksan ediləndə və dağıdılmış iki məsciddə donuz və mal-qara saxlayanda Ermənistana heç olmasa etirazını bildirərdi. Və ya Qərbi Azərbaycanda məscidlərimizin dağıdılmasına niyə səsini çıxartmadı? Axı məscidlər Allahın evidir və İslamın inanc yerləridir. Əgər İran özünü İslam respublikası hesab edirsə, niyə İslam dininin dəyərlərini məhv edən Ermənistanın yanındadır və ona öz dəstəyini ifadə edir. Azərbaycan İslam dini dəyərlərini yüksək dəyərləndirərək yaşadan ölkə olduğu halda sərhədlərimizdə hərbi təlimlər keçirir, pilotsuz aparatlar və döyüş təyyarələri uçurur, Tehrandakı səfirliyimizdə terror törədir və ölkəmizdə siyasi sabitliyi pozmaq üçün radikal qruplar hazırlamaqla İslam dininə düşmənçilik edən Ermənistanı dəstəkləməklə İran nə demək istəyir? Torpaqlarımızdakı İslam dini dəyərlərini məhv etdiyinə görə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətləri dayandırdığı halda İslam respublikası olan İran niyə bu təşəbbüsə qoşulmadı? Bütün bunlar onu göstərir ki, İranın məqsədi İslam dəyərlərini qorumaq deyil, sadəcə Azərbaycanın uğurlu inkişafını və dünya çapında artan nüfuzunu qəbul edə bilmir".
A.Badamov vurğulayıb ki, İran Azərbaycanın uğurlarını həzm edə bilmir:
"İran parlamenti İƏT, İslam Məclisləri katibliyi və İslam dünyasına İsraildə səfirliyimizin açılmasına görə ölkəmizi qınamağa çağırış edir. Təbii ki, bu çağırış gülüş doğurur. Çünki İslam ölkələrinin İsraildə səfirlikləri fəaliyyət göstərir və Azərbaycan heç də İsraildə səfirliyi açan birinci müsəlman ölkəsi deyil. Yaxşı olardı ki, İranın özü antiislam hərəkətlərindən çəkinsin və Azərbaycana nəyi necə etmək lazımdırsa göstəriş verməsin. Azərbaycan müstəqildir və dünyanın istədiyi ölkəsi ilə milli maraqlara uyğun əməkdaşlıq qurur və diplomatik münasibətləri inkişaf etdirir. Azərbaycan dövlət maraqlarını hər şeydən üstün tutur və müstəqil beynəlxalq siyasət yürüdür. İran parlamenti yaxşı olardı ki, özünün antiislam və antiqonşuluq əməllərindən əl çəksin və İslam dininin düşməni olan Ermənistanla qucaqlaşıb öpüşməyin əvəzinə onun İslam dini inanclarına və məbədlərinə qarşı törədilmiş terrorlara görə İslam dünyasına çağırış etsin".