Azərbaycanda parlament seçkilərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAAP) iki qrupa ayrılaraq müxtəlif seçki dairələri üzrə ümumilikdə 16 seçki məntəqəsində müşahidə aparıb.
"Report" xəbər verir ki, bunu Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAAP) nümayəndəsi, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) xarici əlaqələr üzrə sədr müavini İbrahim Halil Korkmaz deyib.
O bildirib ki, vətəndaşların seçkilərdə iştirakı ilə bağlı bütün hazırlıqlar normal qaydada aparılıb:
"Bazar günü və havanın isti olmasına baxmayaraq, yüksək seçici fəallığı müşahidə etdik. Səsvermə prosesi Mərkəzi Seçki Komissiyanın prosedurlarına uyğun olaraq məhsuldar şəkildə həyata keçirilib.
İCAAP müşahidəçiləri səsvermə müddətində hər hansı mənfi halla qarşılaşmayaraq öz vəzifələrini peşəkar şəkildə yerinə yetiriblər".
O vurğulayıb ki, rəsmi olmayan ilkin nəticələrə görə, Prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası (YAP) parlamentdə 68 deputat yeri əldə edərək qalib partiya olub: "Azad, ədalətli və şəffaf keçirilən, eləcə də prosedurlara uyğun yekunlaşan parlament seçkiləri üçün İCAAP adından Azərbaycanı təbrik edirik".