İtaliya XİN rəhbəri: "TAP layihəsi qaz tədarükünün şaxələndirilməsi üçün əsas stimuldur"

Xarici siyasət
  • 25 oktyabr, 2017
  • 06:13
İtaliya XİN rəhbəri: TAP layihəsi qaz tədarükünün şaxələndirilməsi üçün əsas stimuldur

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Azərbaycan İtaliyanın etibarlı tərəfdaşıdır."

"Report"un İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ancelino Alfano azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ATƏT-in Aralıq Dənizi konfransı çərçivəsində təşkil olunan görüşdə deyib.

A.Alfano Azərbaycan ilə İtaliyanın ikitərəfli münasibətlərini yüksək qiymətləndirib. İtaliyalı nazirin sözlərinə görə, enerji sahəsində əməkdaşlıq məsələsi İtaliya-Azərbaycan dialoqunun gündəliyində durur.

"Biz mənbələr və enerji marşrutlarının şaxələndirilməsi zərurətini dəstəkləyirik. TAP layihəsi qaz tədarükünün şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi üçün əsas stimuldur", - A.Alfano deyib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan nazir vurğulayıb ki, rəsmi Roma danışıqların mövcud formatlarını dəstəkləmək niyyətindədir və böhranın danışıqlar yolu ilə həllinə yardım etmək üçün bütün səylərini göstərəcək.