İsveçrədə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə elmi konfrans keçirilib

İsveçrədə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə elmi konfrans keçirilib Məruzəçilər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiqləyiblər
Xarici siyasət
20 Oktyabr , 2016 14:44
İsveçrədə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə elmi konfrans keçirilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ İsveçrənin Bern Universitetində Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə elmi konfrans keçirilib. 

XİN-dən "Report"a verilən məlumatına görə, professor Deniz Brül-Mozerin moderatorluğu ilə baş tutan tədbirdə Boxum Sülh və Hərbi Münaqişə üzrə Beynəlxalq Hüquq İnstitutunun professoru Hans-Yohan Hayntse, İstanbul Koç Universitetinin Qlobal Ümumi Hüquq Mərkəzindən doktor Valentina Azarova, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində sözügedən iş üzrə üçüncü tərəf qismində Azərbaycanın maraqlarını təmsil edən Avstriyanın “Lansky, Ganzger und Partner” hüquq şirkətinin rəhbəri doktor Qabriel Lanski, Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və “Mergen Consulting” şirkətinin rəhbəri Rəhmi Doğan məruzə ilə çıxış ediblər.

Məruzəçilər ilk öncə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və hüquqi aspektlərinə diqqəti cəlb edib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin öz müqəddəratlarını nə üçün məhz Azərbaycan daxilində təyin etməli olduqlarını əsaslandırıb, daha sonra konkret məhkəmə işi ilə bağlı Azərbaycan və Ermənistan tərəfinin təqdim etdiyi dəlil və faktları və onlara məhkəmənin verdiyi qiyməti və nəhayət, bununla bağlı çıxardığı qərarı təhlil ediblər. Bir daha vurğulanıb ki, məhkəmə təcavüz aktını bilavasitə dəyərləndirmək niyyətində olmasa da, münaqişənin tərəfi kimi ən başlanğıcdan məhz Ermənistanın olduğunu öz qənaətləri ilə təsbit edib. Bundan irəli gələrək məruzəçilər Ermənistan-Azərbaycan münaqişəsində məhz hərbi işğal faktının baş verdiyini, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiqləyiblər.

İsveçrənin elmi və siyasi dairələrinin, o cümlədən federal hakimiyyət qurumlarının, Berndə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin, eləcə də İsveçrə universitetlərinin tələbələrinin qatıldığı konfrans interaktiv şəkildə davam edib.

Son xəbərlər

Orphus sistemi