Yuxarı

​İntiqam Babayev BMT-də Azərbaycanın uğurlu gənclər siyasətindən danışıb

Nazir müavini bir sıra ikitərəfli görüşlər də keçirib

Bakı. 31 may. REPORT.AZ/ Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti 29 may 2015-ci il tarixdə BMT Baş Assambleyasında Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının (World Programme of Action for Youth) 20-ci ildönümünə həsr edilmiş ali dərəcəli xüsusi sessiyada iştirak edib.

"Report" Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, İntiqam Babayev çıxışında Azərbaycanın uğurlu gənclər siyasəti modelindən, bu sahədə əldə olunan bir sıra nailiyyətlərdən söz açıb və bu uğurlara ölkənin 20 faiz torpaqlarının işğal altında olmasına baxmayaraq nail olduğumuzu xüsusilə qeyd edib.

Nazir müavininin çıxışında ötən ilin oktyabr ayında Bakıda keçirilən Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum və Forumda qəbul edilən Bakı Öhdəlikləri də geniş yer alıb.

Qeyd etmək lazımdır ki, digər çıxışçılar da, o cümlədən BMT baş katibi Pan Gi Mun və BMT Baş Assambleyasının prezidenti Sam Kutesa Bakı Öhdəliklərini və onların müasir beynəlxalq gənclər siyasəti üçün əsas prinsiplər təşkil etdiyini dəfələrlə vurğulayıblar.

Sessiya çərçivəsində İntiqam Babayev ilə Küveyt, Serbiya, Çin Xalq Respublikası və İsveç nümayəndə heyətlərinin rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib. Görüşlər zamanı ölkələr arasında gənclərlə iş sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.

Ölkə çıxışlarından sonra sessiya öz işini “Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının qəbul edilməsindən sonra ötən 20 ilin təhlili” və “Gələcəyə baxışda Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramının rolu” adlı panellərdə davam edib.

Gənclər üçün Fəaliyyət üzrə Dünya Proqramı 1995-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilib. 20 il əvvəl beynəlxalq ictimaiyyətin gənclərlə bağlı götürdüyü öhdəliklərin necə icra olunduğunu müzakirə etmək, gənclər siyasəti sahəsində mövcud çətinlikləri və növbəti hədəfləri müəyyən etmək məqsədi ilə keçirilən xüsusi sessiyada, BMT baş katibi Pan Gi Mun, Baş Assambleyanın prezidenti Sam Kutesa, baş katibin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi, 60-a yaxın ölkələnin nazir və nazir müavinləri, beynəlxalq təşkilatların nümayəndələri və müxtəlif ölkələrdən fəal gənclər iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi