Yuxarı

İlham Əliyev Rusiyanın Sərhəd Xidmətinin rəhbərini qəbul edib

Dövlət başçısı iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb

Bakı. 11 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişovu qəbul edib.

"Report" xəbəbr verir ki, prezident İlham Əliyev Vladimir Kulişovun Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələlərin müzakirəsi və birgə fəaliyyətin əlaqələndirilməsi baxımından məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayıb. Əməkdaşlığın daha da dərinləşdirilməsinin önəmini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu, öz növbəsində həm insanların ünsiyyət qurmalarına və ticarət aparmalarına, iş adamlarının əlaqələri genişləndirmək üçün sərhədi maneəsiz keçmələrinə, həm də cinayətkar elementlərin, qaçaqmalçıların, terrorçuların, narkotik alverçilərinin qarşısının alınması işinə xidmət edə bilər. Dövlət başçısı Azərbaycan ilə Rusiya sərhəd xidmətlərinin qarşısında ümumi məqsəd və vəzifələrin durduğunu, birgə səylərin gücləndirildiyini məmnunluq hissi ilə qeyd edərək qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsinin önəmini vurğulayıb.

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov azərbaycanlı həmkarları ilə görüşlərinin həm Rusiyada, həm də Azərbaycanda mütəmadi olaraq keçirildiyini qeyd edib. O, iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın və birgə fəaliyyətin konstruktiv xarakter daşıdığını deyib. Vladimir Kulişov ölkələrin sərhəd xidmətləri arasında təmasların təkcə rəhbərlik səviyyəsində deyil, eyni zamanda, ekspertlər səviyyəsində də keçirildiyini bildirərək bunun sərhəddəki şəraitə nəzarət edilməsi, ayrı-ayrı qanun pozuntularına cəhdlərin qarşısının alınması və davamlı sərhəd təhlükəsizlik sisteminin formalaşdırılmasında önəmli rol oynadığını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi