Hyustonda “Avropa Enerjisində Cənub Qaz Dəhlizi” adlı konfrans keçirilib - FOTO

Hyustonda “Avropa Enerjisində Cənub Qaz Dəhlizi” adlı konfrans keçirilib - FOTO Tədbir SOCAR-ın dəstəyi ilə keçirilib
Xarici siyasət
11 Noyabr , 2015 07:27
Hyustonda “Avropa Enerjisində Cənub Qaz Dəhlizi” adlı konfrans keçirilib - FOTO

Bakı. 11 noyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatının Hyuston şəhərində SOCAR-ın dəstəyi ilə “Avropa Enerjisində Cənub Qaz Dəhlizi” adlı böyük konfrans keçirilib.

Konfransın işində enerji sahəsində öz sözünü demiş nüfuzlu ekspertlər, ABŞ-ın dövlət orqanları və konqresin nümayəndələri, həmçinin diplomatik korpusun təmsilçiləri, o cümlədən Türkiyə, İtaliya və Yunanıstanın Hyuston şəhərindəki baş konsulları iştirak ediblər. Ölkəmizi konfransda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və SOCAR vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov təmsil ediblər.

Konfransı Hyustondakı “Azərbaycan Mərkəzinin” direktoru İradə Axundova açıq elan edib. Qeyd olunub ki, Hyuston Bakı ilə qardaşlaşmış şəhərdir və ABŞ-ın əsas enerji mərkəzidir.

Hyuston Universitetinin prezidenti Renu Xator isə Bakıya səfər etdiyini, ölkəmiz və xalqımız barədə olduqca xoş təəssüratlarla geri döndüyünü və bu təəssüratları bölüşmək üçün Azərbaycanla bağlı bloq yaratdığını qeyd edib. O, “Cənub qaz dəhlizi” kimi mühüm bir layihə barədə konfransın məhz Hyuston Universitetində keçirilməsindən məmnun olduğunu söyləyib.

Sonra Hyustonun meri Anise Parker tərəfindən 9 noyabr tarixinin şəhərdə “Cənub qaz dəhlizi günü” elan olunması barədə sənəd təqdim edilib.

Konfransın “Avropa enerjisi, təhlükəsizlik və diversifikasiya” adlanan ilk panelində hazırda ADA Universitetində çalışan səfir Con Mareska çıxış edərək Azərbaycanın Avropa və ABŞ üçün strateji əhəmiyyətindən danışıb.

Hyuston Universitetinin professoru Kristin Ekonomides regionda mövcud olan geosiyasi reallıqlardan söz açıb.

Türkiyənin Hyustonda Baş Konsulluğunun enerji müşaviri Caner Can ölkəsinin həm enerji istehlakçisi, həm də coğrafi məkanına görə “təbii tranzit” olduğunu bildirərək “Cənub qaz dəhlizi”nin Türkiyə üçün prioritet olduğunu deyib.

Yunanıstanın Hyustonda Baş konsulu Georgios Papanikolau 2025-ci ilədək Avropanın qaz ehtiyaclarının artacağını, digər tərəfdən Avropanın Rusiyadan enerji asılılığından narahatlığını vurğulayıb. Bu səbəblərdən Avropaya təbii qaz mənbələrinin diversifikasiyasının vacibliyini qeyd edən yunan diplomat “Cənub qaz dəhlizi”nin əhəmiyyətinin danılmaz olduğunu deyib. G.Papanikolau “Cənub qaz dəhlizi”nə daxil olan və Yunanıstan ərazisindən keçəcək Trans-Adriatik qaz boru kəmərinin (TAP) ölkəsi üçün faydasından danışıb, habelə bu layihənin böhran keçirmiş Yunanıstan iqtisadiyyatının yaxşılaşdırılmasına töhfə verəcəyini qeyd edib. Layihənin Yunanıstanın enerji təhlükəsizliyini gücləndirəcəyini deyən yunan təmsilçisi Avropa İttifaqı enerji mənbələrinin diversifikasiyasında “Cənub qaz dəhlizi”nin əsas faktorlardan olduğunu söyləyib.

İtaliyanın Hyustonda Baş konsulu Elena Sqarbi çıxışında Avropa İttifaqının enerji mənbələrinin diversifikasiyası üzrə strategiyasından söz açaraq “Cənub qaz dəhlizi”nin həmin strategiyaya tam cavab verdiyini deyib. O, bu dəhlizin Avropa hissəsi olan TAP layihəsinin İtaliya hökuməti üçün prioritet olduğunu bildirib. Onun sözlərinə görə, bu layihə ümumilikdə Avropa enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Bundan əlavə, TAP yerli istehlakçılar üçün təbii qazı daha aşağı qiymətə əldə etmək imkanını yaradır. O, İtaliyanın TAP layihəsini tam dəstəklədiyini, ölkəsinin digər tərəfdaşları ilə birgə onun uğurla reallaşdırılması üçün bütün zəruri addımları müəyyən etməyə, əlaqələndirməyə və həyata keçirməyə hazır olduğunu vurğulayıb.

ABŞ Nümayəndələr Palatasının enerji üzrə altkomissiyasının sədri Rendi Veber çıxışında ölkəsinin Azərbaycanla əlaqələrinin həyati əhəmiyyət daşıdığını deyib. O, Azərbaycanın ABŞ ilə enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və digər sahələrdə əməkdaşlığını xüsusilə qeyd edib. Rendi Veber “Cənub qaz dəhlizi”nin uğurla həyata keçirilməsində ABŞ-ı lazımi dəstək verməyə çağırıb.

Konfransda əsas məruzəçi qismində çıxış edən səfir Elin Süleymanov enerjinin regionda yeni coğrafiya müəyyən etməsi barədə fikir səsləndirib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi irimiqyaslı enerji layihələrinin həyata keçirilməsindən sonra Xəzər dənizi hövzəsi və Aralıq dənizi regionlarının arasında fiziki təmasın yarandığını bildirib. Səfir deyib ki, “Cənub qaz dəhlizi regionlararası təmasları daha da genişləndirəcək. Bu əməkdaşlığın isə bütövlükdə regionun rifahına və təhlükəsizliyinə töhfəsi danılmazdır.

O, regionda həyata keçirilən bütün irimiqyaslı infrastruktur layihələrin, o cümlədən “Cənub qaz dəhlizi”nin uğur qazanmasını Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin məntiqi nəticəsi olduğunu bildirib. Səfir qeyd edib ki, Azərbaycanın təşəbbüsləri ümumiyyətlə regionun inkişafına töhfə verir və hazırkı konfransda İtaliya, Yunanıstan və Türkiyənin iştirakı bunun göstəricisidir. Səfir E.Süleymanov Azərbaycan torpaqlarının hələ də işğal altında qalmasının regionun inkişafına ən ciddi maneə olaraq qaldığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın ikinci panelində də məruzəçilər “Cənub qaz dəhlizi” layihəsinin müxtəlif aspektlərindən bəhs ediblər. SOCAR vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov çıxışında şirkətin prioritetlərindən danışıb. V.Bəylərbəyov SOCAR-ın iştirak etdiyi layihələrin, o cümlədən “Cənub qaz dəhlizi”nin uğurla realaşdırılacağı ilə bağlı əminliyini ifadə edib.

“BP” şirkətinin ABŞ-da təmsilçiliyinin rəhbəri Qreq Sanders isə hazırda dünya bazarında təbii qaza tələbatın artdığı bir vaxtda Azərbaycanın özünü etibarlı və sabit tərəfdaş kimi göstərdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi