Yuxarı

Heydər Əliyevin xatirəsi Azərbaycanın AFR-dəki səfirliyində anıldı

Tədbirdə səfir Pərviz Şahbazov çıxış edib

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Səfir Pərviz Şahbazov çıxışında Sovet dönəmində Azərbaycan iqtisadiyyatının dirçəlməsinin, milli-mədəni irsin qorunmasının və ana dilinin inkişafının məhz dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Müstəqilliyimizin ilk illərində qonşu Ermənistanın hərbi təcavüzü və ölkə daxilində hərc-mərcliyin hökm sürdüyü bir şəraitdə dövlətçiliyimizin məhz Heydər Əliyevin müdrik siyasəti sayəsində qorunub saxlandığını diqqətə çatdırıb. Səfir bu gün bir sıra dünya ölkələrində baş verən neqativ prosesləri, siyasi və iqtisadi tənəzzülü təhlil edərkən güclü şəxsiyyətin dövlətçiliyin möhkəmlənməsi və inkişafında əvəzedilməz roluna bir daha əminlik yarandığını vurğulayıb. Qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan və hazırda prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil siyasət ölkəmizi regionun lider dövlətinə çevirib.

Tədbirin rəsmi hissəsindən sonra Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Sayalı Dadaş və Emin Məmmədovun ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.

Sonra qonaqlar şam süfrəsinə dəvət olunublar.

Mərasimdə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları, Almaniyada yaşayan azərbaycanlı və türk diasporlarının nümayəndələri, yerli elmi və siyasi dairələrin təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi