Yuxarı

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Təbrizdə rəsmi qəbul keçirilib

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə rəsmi qəbulda çıxış edib

Bakı. 9 May. REPORT.AZ/ Azərbaycanın Təbrizdəki baş konsulluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib. Konsulluqdan "Report"a verilən məlumata görə, Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə rəsmi qəbulda çıxış edib.

O, Heydər Əliyev şəxsiyyəti, həyat və fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə olunması, dövlət müstəqilliyinin qorunub saxlanması sahəsində göstərdiyi misilsiz xidmətləri haqqında danışıb. Baş konsul, Azərbaycan-İran əlaqələrinin əsasının məhz H.Əliyevin qoyduğunu bildirərək, bu əlaqələrin hələ də qarşılıqlı dostluq və əməkdaşlıq meyarları üzərində davam etdiyini vurğulayıb. 

Rəsmi qəbulun iştirakçıları Heydər Əliyevə aid fotosərgiyə, "Dahi şəxsiyyət" adlı filmə baxıblar, ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycan həqiqətlərinə, turizm və mədəniyyətinə dair sərgilənən kitablarla tanış olublar. H.Əliyevin həyat və fəaliyyətinə dair fars dilinə tərcümə edilən müxtəlif məzmunlu əyani materiallar, eləcə də Azərbaycana dair bir sıra kitab və jurnallar da tədbir iştirakçılarına paylanıb. Qəbul zamanı Azərbaycanın xalq mahnıları səsləndirilib, iştirakçılar zəngin mətbəximizin yeməkləri və şirniyyatlarına qonaq edilib.

Qeyd edək ki, qəbulda İran İslam Respublikasının Təbriz şəhərinin İcra Hakimiyyətinin başçısı R.Şöhrətifər, Şərqi Azərbaycan Valiliyinin və Təbriz şəhər İcra Hakimiyyətinin rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulluğunun kollektivi, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və şəhər ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi