"X Qlobal Bakı Forumunun keçirilməsi Azərbaycanın həm regional səviyyədə, həm də beynəlxalq arenada fəaliyyətini gücləndirdiyini nümayiş etdirir”.
Bunu "Report"a gürcüstanlı politoloq Vaxtanq Maisaya deyib.
Onun sözlərinə görə, bu forum həm də beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana ciddi diqqətin olduğunu göstərir: “Belə genişmiqyaslı tədbirdə dünya ictimaiyyətinin çox nüfuzlu nümayəndələri, bir çox ölkələrin siyasi elitasının təmsilçiləri, o cümlədən Gürcüstanın nümayəndələri iştirak etdilər”.
Politoloq Qlobal Forumdan bir həftə əvvəl Azərbaycanda Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısının keçirildiyini xatırladıb: “Azərbaycan üçün çox mühüm hadisəyə çevrilən bu tədbir ölkənin beynəlxalq səviyyədə statusunu yüksəltməyə və regional səviyyədə liderlik mövqeyini möhkəmləndirməyə imkan verir”.
Xatırladaq ki, martın 9-11-də Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirilib.
Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərliyi, 25 sabiq Prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib.
X Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında bəşəriyyətin qarşısında duran yeni çağırış və perspektivlər - yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər - iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin və inkişafın axtarışı yolları və digər mühüm mövzular barədə müzakirələr aparılıb.