Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı və soydaşlarımızın növbəti təxliyə prosesi yekunlaşdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, 250-yə yaxın şəxs 4 avtobusla Tbilisidən Azərbaycan sərhəddindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.
Onların Azərbaycan ərazisinə növbəli şəkildə daxil olması təmin edilib.
Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, vətəndaş və soydaşların Vətənə çatdırılmasının təlimata uyğun davam etdirilməsi nəzərdə tutulub.
Gürcüstanı pandemiyaya görə tərk edə bilməyən 150-yə yaxın Azərbaycan vətəndaşının Vətənə təxliyə prosesi başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, vətəndaşlarla yanaşı, təxminən, 100 nəfər soydaşımız da Azərbaycana çatdırılacaq.
Onların arasında 8 Rusiya və 1 Türkiyə vətəndaşı da var.
Təxliyə olunan şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.
Hazırda onlar Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı veriləndən sonra təxliyə olunanlar səfirliyin təşkilatçılığı ilə saat 10:00-da 4 avtobusla "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.
Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslərin yaşadıqları yerə çatmaq üçün birgünlük icazələri olacaq.