Türkiyədə zəlzələdən zərərçəkmişlərə dəstək məqsədilə bir neçə şəhər və rayonlarda toplanan yardımlar Gəncə şəhərindən 8 TIR tipli yük maşını ilə yola salınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, fevralın 6-da Türkiyə Cümhuriyyətinin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədi ilə Gəncə şəhərindən növbəti humanitar yardım kərvanı qardaş ölkəyə yola düşüb.
Avtomobil yükləri Siyəzən, Şabran, Xızı, Daşkəsən, Qax, Bərdə, Qəbələ və Gədəbəy rayonlarından gətirilən yardımlardır.
Ümumilikdə 11 tondan çox olan yardım Gəncədə xüsusi olaraq ayrılmış TIR tipli yük maşınlarına yüklənib.
Göndərilən ləvazimatlar isə əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, adyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar, generator və digər zəruri əşyalardır.
Yardım karvanı Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana yol şəraiti nəzərə alınaraq tez bir zamanda çatırılmsı üçün dayanmadan hərəkət edəcək.
Qeyd edək ki, qardaş ölkəyə humanitar yardımların toplanması davam etdirilir.