"Praqa görüşü regionda sülh və təkamül dövrünün bərpası üçün böyük perspektivlər açır. Bu vacib görüşü bugünkü günədək aparılan dialoqun davamı hesab etmək olar".
"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü Jerom Lamber Praqada Azərbaycan, Fransa, Aİ Şurası və Ermənistan liderləri arasında keçirilən dördtərəfli görüşü şərh edərkən bildirib.
"Avropa İttifaqının nümayəndə heyətinin Azərbaycan-Ermənistan sərhədlərinin birdəfəlik demarkasiyası məqsədilə sərhədyanı əraziyə göndərilməsi qərarı düzgün verilmiş bir qərardır. Bununla belə sülhə aparan yolda ehtiyatlı olmaq gərəkdir. Çünki sülh prosesinə etiraz edən radikal ermənilər tərəfindən təxribat əmməlləri yenidən törədilə bilər. Erməni diasporu arasında, xüsusilə Fransada fəaliyyət göstərən radikal qrup kiçik də olsa çox aktivdir", - Jerom Lamber əlavə edib.
Jerom Lamber həmçinin iki suveren millətin qanuni hakimiyyətinə inandığını bildirib:
"Mən əminəm ki, hər iki suverin dövlətin liderləri Birləşmiş Millətlər Təşkilatının Xartiyasının prinsiplərini qəbul edirlər və onların tətbiqi dünyanın bu regionunda sülh və təkamül dövrünün bərpa olunmasına böyük perspektivlər və imkanlar açır".